Azərbaycan millisi Nanjinqdə keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında növbəti medalını qazanıb.
Komandamızın aktivinə 5-ci mükafatı taekvondoçumuz Səid Quliyev əlavə edib.
Belə ki, 73 kq kq çəki dərəcəsində 1/4 finaldan mübarizəyə başlayan həmyerlimiz ilk görüşünü kolumbiyalı Andres Serano Hoyosa qarşı keçirib. Quliyev rəqibinə qalib gəlməkdə çətinlik çəkməyib – 7:4.
Təmsilçimiz finala gedən yolda Seyf Eyssanı sınağa çəkib. Görüş taekvondoçumuzun tam üstünlüyü şəraitində keçib və Səid 8:1 hesablı qələbə sayəsində həlledici mərhələyə yüksəlib.
Final görüşü də Quliyev üçün uğurlu alınıb. O, Almaniyanı təmsil edən türk əsilli Həmzə Adnan Kərimi 6 xal fərqi ilə (10:4) məğlub edərək, Olimpiya çempionu adına layiq görülüb.
Bu, həm də komandamızın Nanjinqdə ilk qızıl medalı olub.
Quliyevdən öncə cüdoçularımızdan Leyla Əliyeva (44 kq) ilə Natiq Qurbanlı (55 kq), taekvondoçumuz Ceren Özbek (44 kq) və akademik avarçəkənimiz Boris Yotov ikinci yerlə kifayətlənmişdi.
APA