Prezident İlham Əliyev Quba rayonunun avtomobil yollarının tikintisi ilə bağlı sərəncam imzalayıb
22.8.2014

Azərbaycan prezidenti İlham Əliyev Quba rayonunun Rustov-Xanəgah-Gürdəh, Rustov-Nöydün-Şuduq, Rustov-Məckəxacə, Rustov-Bağçalı-Yekdar avtomobil yollarının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunub ki, altı min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Rustov-Xanəgah-Gürdəh, Rustov-Nöydün-Şuduq, Rustov-Məckəxacə, Rustov-Bağçalı-Yekdar avtomobil yollarının tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,0 (altı) milyon manatı Quba Rayon İcra Hakimiyyətinə ayrılmalıdır.

Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

APA