Azərbaycanda mobil telefon nömrələrini onlayn rejimdə əldə etmək mümkün olacaq.
Bu barədə Azərbaycan Rabitə və yüksək texnologiyalar Nazirliyinin İnformasiya-hesablama Mərkəzinin (İHM) “Elektron hakimiyyət” aylıq bülletenində bildirilib.
“Xidmət “Elektron hakimiyyət” portalı tərəfindən təqdim ediləcək”, - bülletendə qeyd edilib.
İHM-də qeyd ediblər ki, hal-hazırda mobil telefonların yeni nömrələrinin satışı mobil əlaqə operatorlarının müvafiq məntəqələrində aparılır və yeni abunəçilər haqqında məlumatlar sistemə əl ilə daxil edilir.
“Adətən bu məlumat mobil operatorlar bazasında yeni abunəçilər haqqında qeyri-dəqiq məlumatların yığılmasına gətirib çıxarır, bu isə müxtəlif sənədlərin qeydiyyatı zamanı problemlər yaradır. Onlayn-satış abunəçilər haqqında təhrif edilmiş məlumatların meydana gəlməsini istisna edəcək”, - məlumatda deyilib.
Qeyd edilir ki, avqust ayını 4-də İHM-də Azərbaycanın hər üç operatorunun nümayəndələri ilə (Azercell Telecom, Bakcell və Azerfon (brend Nar Mobile). – Red.) görüş keçirilib, sistemin tətbiqi detalları müzakirə edilib. Görüş zamanı birinci mərhələdə sazişin layihəsinin və texniki şərtlərin hazırlanması qərara alınıb.
“Layihə işə düşdükdən sonra, “Elektron hakimiyyət” portalında sistemə daxil edilmiş abunəçinin şəxsiyyət vəziqəsinin nömrəsi və PİN şifrə, avtomatik olaraq Azərbaycan Daxili İşlər Nazirliyinin İnformasiya Mərkəzində yoxlanılacaq, istifadəçinin və onun DİN İnformasiya sistemində olan pasport məlumatı ilə onlayn-identifikasiyası aparılacaq”, - məlumatda deyilir.
İHM-də qeyd ediblər ki, yeni sistem mobil əlaqə abunəçilərinin maksimal dəqiq məlumat bazasının yaradılmasına imkan verəcək.
“Məlumat bazası, o cümlədən müvafiq dövlət strukturlarının serverlərində yerləşdirilib avtomatik şəkildə artırılacaq, eləcə də bank əməliyyatları, alqı-satqı və s. proseslərdə bir sıra sənədlərin qeydiyyatı zamanı meydana gələn problemlərin aradan qaldırılmasına xidmət edəcək”, - məlumatda deyilib.
Oxu.az