2012-ci il üçün Azərbaycanın “xalq yaradıcılığı paytaxtları”nın təqdimatı keçirilib.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev
Azərbaycan qeyri-maddi mədəni irsinin qorunması sahəsindəki vəzifələr və
bu il üçün “paytaxt” seçilən şəhərlərin elan edilməsi haqqında
fikirlərini bildirib: “Bu layihə özünü çox doğruldur. Hətta ayrı-ayrı
bölgələr bu adı qazanmaq üçün rəqabətə girir. Çünki bu layihə rayonun
mədəni inkişafına müsbət təsir göstərir. Oraya nazirliyin köməyi ilə
müxtəlif tədbirlərin salınması, mədəniyyət xadimlərinin getməsi, rayonun
tarixi və adət-ənənələrinə daha yaxından maraq göstərilməsi rayonun
imicinə müsbət təsir göstərir”.
Keçənilki “paytaxt”larda müsbət göstəricilərə nail olunduğunu deyən
nazir, bu layihənin davamlı olacağını qeyd edib: “İl ərzində Gədəbəy,
Masallı və Quba rayonlarında nominasiyalara uyğun olaraq təntənəli
mərasimlərin, respublika və beynəlxalq səviyyəli elmi-praktiki
konfransların, dəyirmi masaların, konsertlərin, müsabiqələrin,
festivalların, sərgilərin, yarmarkaların, infoturların və başqa
tədbirlərin təşkili nəzərdə tutulub”.
Tədbirin davamında keçənilki “paytaxt”ların nümayəndələrinə tədbirlər
planının icrasına görə fəxri diplomlar və mükafatlar verilib.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq olunan
“2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları” proqramına
əsasən 2012-ci il üçün Gədəbəy şəhəri “Azərbaycanın Əfsanələr Paytaxtı”,
Masallı şəhəri “Azərbaycanın Folklor Paytaxtı” və Quba şəhəri
“Azərbaycanın Sənətkarlıq Paytaxtı” elan edilib.
APA