Azərbaycan-Koreya Beynəlxalq Arxeoloji Ekspedisiyası layihəsi əsasında
qədim Qəbələdə geniş miqyaslı arxeoloji tədqiqatlar, bərpa-konservasiya
işləri aparılmaqdadır.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələrə
şöbəsindən verilən məlumata görə, AMEA Arxeologiya və
Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri üzrə fəlsəfə
doktoru Ceyhun Eminlinin rəhbərlik etdiyi arxeoloji ekspedisiyanın
apardığı tədqiqatların maraq doğuran nəticələrindən biri Soltan Nuxa
kəndi ərazisində 1800-1900 il yaşı olan antik qəbirlərin
aşkarlanmasıdır. İlkin kəşfiyyat işləri zamanı 7 antik qəbir aşkar
edilib.
Antik qəbirlər zənginliyinə və xüsusi dəfn adətlərinə görə seçilirlər.
Belə ki, tədqiq edilən qəbirlərin birində bükülü vəziyyətdə qoyulmuş
skeletin ətrafına 40 ədəd saxsı qablar düzülüb. Qablarla yanaşı qəbirə
dörd ədəd bütöv qoç da qoyulub. Skeletin yanında nizə, bıçaq, oraq,
üzərində xeyli sayda bəzək əşyaları və muncuq düzümləri var. Qeyd olunan
qəbirdə ikinci insan skeletinə də təsadüf olunub. Ehtimal ki, bu varlı
təbəqəyə aid olan mərhumun xidmətçisi olub.
Bununla yanışı qeyd olunan antik qəbiristanlıqda digər zəngin qəbirlərə
də təsadüf olunub. Bir qəbirdə üzbəüz dəfn olunmuş iki skelet, həmçinin,
digər qəbirdə küpün içərisində dəfn olunmuş iki insan skeleti xüsusi
marağa səbəb olmuş dəfn ənənəsini nümayiş etdirib. Antik qəbiristanlıqda
arxeoloji tədqiqatların davam etdirilməsi ilə paralel olaraq, aşkar
edilmiş qəbirlərin olduğu kimi rekonstruktiv modellərinin Qəbələ Dövlət
Tarix – Bədii Qoruğunun muzeyində nümayişi də nəzərdə tutulub.
Layihə çərçivəsində Azərbaycan-Koreya arxeoloji ekspedisiyası Səlbir
yaşayış yerində, həmçinin, ekspedisiyanın Cənubi Koreyalı mütəxəssisləri
tərəfindən Dızaxlı kəndi ərazisində 4500-5000 il yaşı olan kurqanın
arxeoloji tədqiqi də davam etdirilməkdədir.
Qeyd edək ki, Qəbələ ərazisində geniş miqyaslı arxeoloji tədqiqatlar
SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi
Assosiasiyasının maliyyə dəstəyi ilə aparılır.







ANS PRESS