Bakının Pirallahı qəsəbəsinin Baş planı hazırlanır
26.8.2014

Bakının Pirallahı qəsəbəsinin Baş planı hazırlanır.

Pirallahı Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, bununla bağlı qurumda növbəti müzakirə təşkil olunub.

Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanan layihədə qəsəbənin inkişaf perspektivləri nəzərə alınaraq bir sıra təkliflər irəli sürülüb.

Alternativ yolun inşası, kommunikasiya xətlərinin yerinin dəqiqləşdirilməsi, üzgüçülük, “Disney land”, kurort komplekslərinin inşası, qəsəbədə qaçqınlar və məcburi köçkünlər üçün hər birinin 3 hektar sahəsi olan 2 yaşayış kompleksinin tikintisi, helikopter meydançasının yeni əraziyə köçürülməsi, magistral yolun kənarlarında salınacaq yaşıllıqlar, abad məhəllə və digər məsələlər müzakirə olunub və təkliflər irəli sürülüb.

Yeri gəlmişkən, indi Pirallahı qəsəbəsində 50 hektar ərazidə inşa olunacaq Yüksək Texnologiyalar Parkının tikintisi üçün hazırlıq işləri görülür. Ərazidə təmizlik işləri aparılır, bu sahədən keçən bütün kommunikasiya xətləri köçürülür.

Qısa müddət ərzində YTP-nin tikintisinə başlanacaq. Burada yüksək texnologiyalı şirkətlər, elmi-tədqiqat mərkəzləri, ekoloji cəhətdən təmiz istehsal obyektləri fəaliyyət göstərəcək.

Bundan başqa, qəsəbədə mərkəzi prospekt boyunca yaşayış binalarının fasad hissələrinin təmirinə start verilib.

Qəsəbədə yerləşən ikimərtəbəli binaların ətrafında qeyri-qanuni zəbt olunmuş, antisanitar vəziyyətdə saxlanılmış torpaq sahələri üzərində olan müxtəlif konstruksiyalı hasarlar, yaşayış olmayan, şəhərsalma və tikinti normalarına zidd kiçik və yarımçıq tikililər sökülür, ərazilər isə təmizlənərək abadlaşdırılır. Həmin binalar təsdiq olunmuş layihə əsasında əsaslı təmir edilir.

Həmçinin, Pirallahı rayon İcra Hakimiyyətinin dördmərtəbəli inzibati binasının tikintisi qrafikə uyğun olaraq davam etdirilir.

APA