Avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva paytaxtın Nəsimi rayonundakı 23 nömrəli tam orta məktəbin binasının əsaslı yenidənqurmadan sonra açılışında iştirak ediblər.
Məktəb 1899-cu ildən fəaliyyət göstərir. Həmin il ibtidai məktəbdə 42 oğlan, 8 qız olmaqla cəmi 50 şagird təhsil almışdır.
Dövlətimizin başçısı və xanımı məktəbin binasının rəmzi açılışını bildirən lenti kəsdilər. Təhsil naziri Mikayıl Cabbarov məktəbdə görülən əsaslı yenidənqurma işləri ilə bağlı Prezident İlham Əliyevə məlumat verdi.
Bu təhsil ocağının yenidən qurulmasına dövlətimizin başçısının Sərəncamı ilə 2012-ci ildən başlanılıb. Məktəbin binası tamamilə sökülərək yerində müasir və memarlıq baxımından zövq oxşayan altımərtəbəli bina inşa olunub.
Foyedə ulu öndər Heydər Əliyevin büstü və Azərbaycan bayrağı qoyulub. Burada Ümummilli Liderin və Prezident İlham Əliyevin təhsilə qayğılarını əks etdirən fotostendlər yaradılıb.
Məktəbdəki Heydər Əliyev Muzeyi də eksponatlarının zənginliyi ilə seçilir. Burada Ulu Öndərin həyatı və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən maraqlı fotolar, sənədlər və kitablar toplanıb. Təhsil ocağında, həmçinin məktəbəqədər hazırlıq kursları da nəzərdə tutulur. Hazırda məktəb 2163 şagird yerlikdir. Yenidənqurmadan əvvəl isə bu təhsil ocağı cəmi 500 yerlik olub. Burada 80 sinif otağı və 11 fənn kabineti var. Məktəb ingilis dili təmayüllüdür. Burada iki xarici dil tədris olunur. Rus bölməsində alman, Azərbaycan bölməsində isə rus dili tədris ediləcək. Hazırda məktəbdə 64 sinif var.
Azərbaycanda təhsil sisteminin inkişafına mühüm töhfələr verən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu məktəbin yenidən qurulması prosesini daim diqqətdə saxlayıb. Ötən il iyunun 11-də Azərbaycanın birinci xanımı burada aparılan yenidənqurma işlərinin gedişi ilə tanış olub, tövsiyə və təkliflərini verib. Məktəbdə şagirdlərin yüksək səviyyədə təhsili üçün hər cür şərait yaradılıb. Məktəb lazımi avadanlıq və ləvazimatlarla təchiz edilib. Bu təhsil ocağında müasir havalandırma və işıqlandırma sistemləri qurulub. Burada məktəbin muzeyi də yaradılıb. Muzeydə məktəbin direktorları, məzunları və bu təhsil ocağının əldə etdiyi nailiyyətlərlə bağlı maraqlı məlumatlar var.
23 nömrəli məktəb həmişə öz məzunları ilə fəxr edib. Məzunlar arasında bu gün təhsil konsepsiyasının reallaşmasına önəmli töhfə verən, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da var.
Buradakı bütün sinif otaqları və ayrı-ayrı fənn kabinetləri ən müasir standartlar səviyyəsindədir. Hazırda məktəbdə 1 növbədə həm Azərbaycan, həm rus bölməsi fəaliyyət göstərir.
Yenidənqurma işləri çərçivəsində məktəbin sahəsi 7 min kvadratmetrdən 22 min kvadratmetrə çatdırılıb. Məktəbdə Mehriban Əliyevanın təşəbbüsü ilə şagirdlərin yaradıcılıq potensialını üzə çıxarmaq üçün rəsm, musiqi və heykəltəraşlıq otaqları yaradılıb. Məktəbdəki ibtidai hərbi hazırlıq dərsləri üçün xüsusi kabinet də ən yüksək standartlara cavab verir. Burada, həmçinin milli qəhrəmanların fotolarından ibarət stend də yaradılıb.
Təhsil ocağının gimnastika və idman zalları, kitabxanası, linqafon və kompyuter otaqları, tibb məntəqəsi var. 314 yerlik akt zalında müxtəlif tədbirlərin keçirilməsi üçün bütün imkanlar yaradılıb.
Dövlətimizin başçısı İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və ailə üzvləri məktəbin şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiyaya tamaşa etdilər.
Sonra məktəbin şagirdləri Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya ad günü münasibətilə təbriklərini çatdırdılar.
AzərTAc