Azərbaycan Prezidenti İlham Əliyev Xalça Muzeyinin açılışında iştirak edib - FOTO
27.8.2014

Avqustun 26-da Azərbaycan Xalça Muzeyinin yeni binasının açılış mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Azərbaycan xalçaçılıq sənəti sahəsində dünyanın aparıcı ölkələrindən biridir. 2010-cu ildə Azərbaycanın ənənəvi xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsin reprezentativ siyahısına salınıb. Tətbiqi sənətin nadir nümunələrinin toplandığı Xalça Muzeyi ayrı-ayrı dövrlərdə müxtəlif ünvanlarda yerləşib.

Ölkəmizin nadir incilərindən olan xalçaların daha geniş və səmərəli nümayişi məqsədilə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən muzey üçün xüsusi bina tikilməsi qərara alınıb və 2008-ci il mayın 15-də Dənizkənarı Milli Parkın ərazisində binanın təməlqoyma mərasimi keçirilib.

Muzeyin yeni binasının yaradılması işində Heydər Əliyev Fondunun və UNESCO-nun müvafiq dəstəyi və köməyi olub. Orijinal üslubda inşa olunan bina bükülmüş xalçanı xatırladır. Hazırda muzeyin sərgi və fondlarında 13 min 300-dən artıq eksponat və əşya saxlanılır. Muzeydə xalça və xalça məmulatları, metal məmulatlar, parça, geyim və tikmə, keramika, şüşə, ağac, kağız, zərgərlik əşyaları, kitablar, fotoşəkillərdən ibarət nadir kolleksiya mühafizə olunur. Bu kolleksiyanın ziyarətçilərə təqdimatı üçün binada ideal şərait yaradılıb. Muzeyin fondunda mövcud olan xalça və xalça məmulatlarının saxlanılması və konservasiyası 2013-cü ildə Bakıya dəvət edilmiş və bu sahədə zəngin təcrübəsi ilə dünyada məşhur olan Viktoriya və Albert Muzeyinin parçalarının konservasiyası üzrə mütəxəssis Luis Squirerin tövsiyələri və tərtib etdiyi təlimatlar əsasında təmin olunur.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva muzeyin yeni binasının rəmzi açılışını bildirən lenti kəsdilər.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev muzeydə görülən işlərlə bağlı dövlətimizin başçısına və xanımına məlumat verdi.

Müəllifi tanınmış avstriyalı memar Frans Yants olan muzey binasında Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətləri, yaşı yüz illərlə ölçülən xalça və xalça məmulatlarının geniş çeşidi təqdim edilir.

Azərbaycan Prezidenti və xanımı burada fəaliyyət göstərən suvenir mağazası ilə tanış oldular.

Dövlətimizin başçısı Xalça Muzeyinin yeni binasının yaradılması mərhələlərini əks etdirən fotoşəkillərə baxdı.

AzərTAc