Humanitar Əməkdaşlıq üzrə Beynəlxalq Fondun Ekspertlər Qrupunun iclasında Azərbaycan nümayəndə heyətinin təklifi yekdilliklə qəbul edilmişdir
5.7.2011

Moskvada MDB-yə üzv dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Beynəlxalq Fonduna təqdim olunmuş layihələrin təhlili və qiymətləndirilməsi üzrə Ekspertlər Qrupunun iclası keçirilmişdir.
Humanitar Əməkdaşlıq üzrə Beynəlxalq Fondun həmsədri, Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi M.Şvıdkoyun sədrliyi ilə keçən tədbirdə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya Federasiyası, Tacikistan, Özbəkistan Ukrayna və Ermənistandan nümayəndə heyətləri, həmçinin Humanitar Əməkdaşlıq üzrə Beynəlxalq Fondun əməkdaşları iştirak etmişlər.
İclasda Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin qeyri-maddi mədəni irs sektorunun müdiri Yaşar Hüseynlinin başçılığı ilə nümayəndə heyəti təmsil etmişdir.
Iclasın gündəliyinə “Humanitar Əməkdaşlıq üzrə Beynəlxalq Fondun 2010-cu ildə və 2011-ci ilin birinci yarısında layihə fəaliyyətinin nəticələri haqqında”, “2011-ci ildə təqdim olunmuş əlavə layihələr barədə”, “Humanitar Əməkdaşlıq üzrə Beynəlxalq Fondun prioritet istiqamətlərinə dair” və “MDB-də idman və sağlam həyat İlinin məzmun cəhətdən doldurulması haqqında” məsələlər müzakirə olunmuş və müvafiq qərarlar qəbul edilmişdir.
Azərbaycan nümayəndə heyəti tərəfindən irəli sürülən MDB-yə üzv dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Beynəlxalq Fondunun fəaliyyət strategiyasının daha çox Birlik çərçivəsində humanitar sahələrə aid qəbul olunmuş konsepsiyalar, o cümlədən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüskar və müəllifi olduğu “MDB iştirakçı dövlətlərin mədəniyyət sahəsində əməkdaşlıq Konsepsiyası” əsasında aparılmalı olduğu haqqında təklif iştirakçılar tərəfindən yekdilliklə qəbul edilmişdir.
Ekspertlər Qrupunun iclasının sonunda tədbirin yekun protokolu imzalanmışdır.