Azərbaycana I yarımildə 360 mindən artıq rusiyalı turist səfər edib
29.8.2014

2014-cü ilin birinci yarısında Azərbaycana 361 min Rusiya vətəndaşı səfər edib. Bu barədə Rusiyanın Turizm üzrə Federal Agentliyinin ("Rosturizm") rəsmi saytında yerləşdirilmiş statistik məlumatda deyilir.

"Rosturizm"in məlumatına görə, bu ilin birinci yarısında Rusiya vətəndaşları tərəfindən xaricə turist səfərlərinin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 3 faiz azalaraq 20,139 milyon nəfər təşkil edib.

Ötən ilin analoji dövrünə nisbətən Azərbaycana səfər edən rusiyalı turistlərin sayı 13 faiz azalıb. Müqayisə üçün: 2013-cü ilin birinci yarısında Azərbaycana 415 min Rusiya vətəndaşı gəlmişdi.

Rəsmi statistik məlumata görə, 2014-cü ilin birinci yarısında Rusiyadan nisbətən daha çox sayda turistin səfər etdiyi ölkələrin sırasına Finlandiya (2,195 milyon nəfər), Türkiyə (1,794 milyon) və Ukrayna (1,593 milyon) daxildir. Azərbaycan bu siyahıda 17-ci yerdədir.

Göstərilən dövrdə Rusiyaya Azərbaycandan 347 min turist səfər edib.

"Rosturizm"in statistikası fərdi turistləri, eləcə də xaricə bir neçə günlük işgüzar səfər edənləri nəzərdə tutur.

trend.az