Belfast (İrlandiya) Kral Universitetinin alimləri sübut ediblər ki, yoqa və relaksasiya gimnastikasının digər növləri ilə məşğul olmaq təlaş hissi keçirən insanlara kömək edir. Relaksasiya insanın dünya qavrayışını dəyişir, ətraf aləm həmin insanın nəzərində pozitiv duyğular oyadır.
Yoqanın bu cür müsbət effekti hətta mütəxəssislər üçün də gözlənilməz olub. Belə bir eksperiment aparılıb: tədqiqatda könüllü iştirak edənlər ekranda hərəkət edən bir insan təsvirinə tamaşa ediblər. Məxsusi olaraq psixoloji testlər üçün yaradılmış bu fiqur hamıya eyni təsir bağışlamır. Bəzilərinə elə gəlir ki, ekrandakı adam ona baxır, digərləri isə hesab edirlər ki, ekrandakı fiqur üzünü əks tərəfə döndərib. Fiqurun onlara tərəf hərəkət etdiyini bildirənlər arasında sosiofoblar daha çox olub. Bir neçə seanslıq əzələ relaksasiyasından sonra testin nəticələri müsbət tərəfə dəyişib, yəni, təlaş hissi keçirən könüllülərə elə gəlib ki, ekrandakı insan üzünü onlara tərəf çevirib. Bu əlamət fərdin ətrafdakı insanlarla yeni kontaktlar yaratmağa hazır olmasını göstərir.
Yeri gəlmişkən, alimlər daha əvvəl sübut ediblər ki, yoqa depressiya simptomlarını yüngülləşdirir və qanın tərkibində qamma- amin-yağ turşusunun səviyyəsinin artması sayəsində insanda pozitiv əhval-ruhiyyə yaradır.
AzərTAc