Azərbaycan Dillər Universitetinin (ADU) məzunu Nərmin İsmayılova bu il ADU ilə yanaşı, Böyük Britaniyanın Esseks Universitetini də fərqlənmə diplomu ilə başa vuran ilk azərbaycanlı tələbədir.
ADU-nun ictimaiyyətlə əlaqələr departamentindən bildiriblər ki, Azərbaycan Dillər Universiteti ilə Esseks Universiteti arasında imzalanmış müqaviləyə əsasən, N.İsmayılova təhsilini Esseks Universitetində davam etdirib və bu il hər iki ali məktəbi uğurla bitirərək ikili diploma sahib olub.
Qeyd edək ki, 2010-cu ildə Azərbaycan Dillər Universiteti və Esseks Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən ADU-nun ingilis dili fakültəsinin tələbələri I-II kursları bitirdikdən sonra təhsillərini Böyük Britaniyanın bu nüfuzlu universitetində davam etdirir və ikili diplom alırlar. Bundan əlavə, hər iki universitetin müəllimlərinin, departament rəhbərlərinin qarşılıqlı səfərləri nəzərdə tutulur. Bu cür müqavilə ölkəmizin ali məktəbləri arasında ilk dəfə və yalnız ADU ilə Esseks Universiteti arasında imzalanıb.
AzərTAc