Garant Media Holding National Geographic ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda National Geographic jurnalının doğma dilimizdə nəşrinə başlayıb.
National Geographic Azərbaycan jurnalının 2014-cü ilin sentyabr buraxılışın əsas mövzusu “Azərbaycanın rəngləri” olacaq. Aylıq əsasda dərc olunan jurnal həm köşklərdə satışa çıxarılacaq, həm də abunələrə paylanacaq.
Müvafiq bəyanat bu gün Four Seasons Baku otelində səslənib.
Tədbiri National Geographic jurnalının fotoqrafı Rza Diqqəti, National Geographic Magazine jurnalının baş redaktoru Syuzan Qoldber və beynəlxalq nəşrlər şöbəsinin, həmçinin jurnalın qəyyumlar şurasının rəhbəri Terens B. Adamson ziyarət ediblər.
Tədbirin təşkilatçıları qismində Azərbaycan-Amerika Alyansının rəhbəri Anar Məmmədov, Garant Media Holding-in İdarə Heyətinin sədri Elnur Baimov, həmçinin National Geographic Azərbaycan jurnalının baş redaktoru Seymur Teymurov çıxış ediblər.
Mətbuat konfransını giriş sözü ilə açan baş redaktor Seymur Teymurov qonaqları – Terens Adamson, Syuzan Qoldberq və Rza Diqqətini jurnalistlərə təqdim edib.
Daha sonra isə Garant Media Holding-in İdarə Heyətinin sədri Elnur Baimov çıxış edib.
Öz niqtində o bildirib ki, bu gün biz tarixi hadisədə - Azərbaycanda ən nüfuzlu intellektual jurnallardan biri – National Geographic-in Azərbaycan dilində nəşrinin başlamasını qeyd edirik.
“Jurnalda ölkəmizin mədəniyyəti və təbiətinin bütün zənginliyi, onun turizm potensialı təbliğ olunacaq, ilk sentyabr nömrəsində isə artıq dünyaca məşhur fotoqraf, əslən azərbaycanlı Rza Diqqətinin çəkdiyi ən gözəl fotoşəkillər yerləşdirilib. Jurnalın üz qabığında həmçinin Qobustanın qayaüstü təsvirlərinin Rza Diqqəti tərəfindən çəkilmiş fotoşəkili yerləşdirilib”.
“Cəmi 15 il əvvəl National Geographic jurnalı cəmi bir dildə - ingilis dilində buraxılırdı. Qafqazda ilk dəfə jurnalımız 2012-ci ildə Gürcüstanda peyda olub. Azərbaycan jurnalımızın milli dildə nəşr olunduğu 40-cı ölkə olacaq. Əlbəttə, bu böyük bir tərəqqidir, - deyə, Terens Adamson vurğulayıb. – Jurnalımız planetimizə dair mühüm məsələlərin işıqlandırılması sahəsində mükafatlar qazanmaqda davam edir. Biz Azərbaycan oxucularının bu sahədə maarifləndirilməsi işində Garant Media Holding ilə əməkdaşlıqdan çox şadıq”.
Terens Adamson Garant Media Holding ilə əməkdaşlıqdan böyük məmnunluq hisslərini ifadə edərək, Azərbaycan-Amerika Alyansının rəhbəri Anar Məmmədovun simasında Azərbaycanda jurnalın buraxılması üçün dəstək tapmaqdan şad olduğunu bildirib.
National Geographic Magazine jurnalının baş redaktoru Syuzan Qoldberq vurğulayıb ki, jurnalı ölkəmizdə parlaq gələcək gözləyir, oxucuların sayı hər il artacaq. O həmçinin jurnalın Azərbaycan dilində ilk nömrəsinin çox maraqlı alındığına ümid etdiyini bildirib.
Daha sonra çıxış edən Rza Diqqəti öz nitqində National Geographic jurnalının Azərbaycan dilində nəşrinin onun üçün böyük hadisə olduğunu, Azərbaycanda baş verən hadisələr haqqında həqiqətlərin dünyanın diqqətinə çatdırılması arzusunun həyata keçdiyini vurğulayıb.
Diqqəti vurğulayıb ki, o, 1990-cı ilin yanvar hadisələrini, Xocalı faciəsini, Qarabağdakı müharibəni işıqlandırıb.
Rza Diqqəti National Geographic-in Azərbaycan dilində ilk nömrəsində onun çəkdiyi şəkillərin yer almasından böyük məmnunluq ifadə edib.
Jurnalın yeni versiyasında həm ingilis dilindən tərcümə olunmuş məqalələr, həm də Azərbaycan haqqında yerli auditoriya üçün maraq kəsb edəcək informasiya yerləşdiriləcək. Jurnalın qiyməti 4 AZN təşkil edir.
Xatırladaq ki, bütün dünyada elmin və tədqiqatların maliyələşdirilməsinə həsr edilən, amma rəsmi olaraq qeyri-maliyyə jurnalı “National Geographic”in birinci nömrəsi 1888-ci ildə işıq üzü görüb.
O zamandan indiyə qədər, National Geographic böyük yol keçib və dünyada əsas kult brendlərindən birinə çevrilib. Jurnalın aylıq auditoriyası 60 milyon oxucu əhatə edir. Jurnalın ardınca brend National Geographic kanalının, daha sonra isə National Geographic.com saytının açılması ilə daha geniş oxucu və izləyici kütləsi toplayır, bu əhatə dairəsi artıq 30 milyon adamdan ibarət olur.
Səhifələrində şimal yarımkürəsinin gecə səmasının fotoşəkillərindən başlayan sualtı dünyanın ilk rəngli fotoşəkillərinəə qədər təkamül yolu keçən jurnalın tarixi öz yaradıcı və texnoloji sərhədlərini genişləndirməkdə davam edir. Zamanla jurnal dünyanın ən gözəl guşələrinin şəkillərini əks etdirən və ətraf mühitin, eləcə də insan haqlarına dair ciddi problemləri həll edən, dünya səviyyəli foto jurnalistikanın inkişaf arenasına çevrildi.
Bu gün “National Geographic”in vizual təqdimatı, rəqəmsal texnologiyalar ilə eksperimentlər aparır, planetin əks etdirilməsinin yeni üsullarını axtarır və oxuculara məzmunla qarşılıqlı əlaqədə olmaq imkanı verir.
Jurnal fotoqrafiya və təqim etmə üzrə təsdiqini tapmış ekspert kimi, tarixi boyu: amerikalıların Everestə ilk yürüşündən Ceyn Qudoll və Dayan Fossinin Afrikada primatlarla işinə qədər, Jak İv Kustonun sualtı dalğıclarından Ceyms Kameronun 2012-ci ildə Marian çökəkliyinə enişinə qədər çoxsaylı ixtira və ekspedisiyaların (bu ixtira və ekspedisiyaların çoxu Milli Coğrafiya Cəmiyyəti tərəfindən maliyələşdirilib) sənədli qeydiyyatını aparıb.
O, bir neçə oxucu nəslinin dünyaya pəncərəsi olub; jurnalın arxivi 11,5 milyon fotoqrafiyadan, o cümlədən qədim fotoplastinka neqativlərindən və nadir KODACHROME diapozitivlərindən ibarətdir.
Hal-hazırda jurnal ingilis və otuzdan çox digər dildə nəşr edilir. O, həmçinin rəqəmsal kiosklarda (IPAD, iPhone, Kindle və Nook) və www.ngm.com saytında təqdim edilir.
Oxu.az