Ən nazik korpuslu smartfon göstəriləcək
4.9.2014

Gionee şirkəti Elife istehsal xətti üzrə dünyanın ən nazik aparatı adına iddia edən smartfon hazırlayır. S5.1 modelinin içliyi haqqında informasiya iki ay bundan əvvəl internetdə yerləşdirilib.

Gözlənildiyi kimi, yeni cihazın korpusunun qalınlığı 5,1 millimetrdən çox olmayacaq. Cari ilin fevralında təqdim edilmiş Elife S5.5 aparatında korpusun qalınlığı 5,5 mm idi. Müqayisə üçün, iPhone 5S smartfonunda bu göstərici 7,6 mm, Samsung Galaxy S5-də isə 8,1 mm təşkil edir.

Gionee şirkətinin yeni smartfonunu qabaqcıl adlandırmaq olmaz. Qurğu 4,8 düymlük AMOLED HD displeyi (720p), dördnüvəli Snapdragon 400 prosessoru, Adreno 305 qrafikası, 1 QB əməli yaddaş və 8 MP-lik kamera ilə təchiz ediləcək. Smartfonun korpusunun konstruksiyasında şüşə və metal materialları tətbiq ediləcək.

Elife S5.1 aparatında daxili daşıyıcının həcmi 16 QB təşkil edəcək. MicroSD kartının köməyi ilə daxili yaddaşı genişləndirmək mümkün deyil. Həmçinin 2100 milliamper/saat tutumlu batareya, LTE şəbəkəyə qoşulmaq imkanı nəzərdə tutulub. Aparat Android platforması ilə işləyir. Qurğunun çıxarılma tarixi və qiyməti haqda məlumat yoxdur.

Milli.Az