Tezliklə Regional TV-də yeni realiti-şounun nümayişinə başlanılacaq.
“Ferma” adlanacaq realiti-şounun çəkilişləri Şəkinin kəndlərindən birində aparılacaq. İştirakçılar 12 nəfər olacaq - 6 qız və 6 oğlan. Oyunun şərtlərinə əsasən, onlar kənddə yaşamağa çalışacaqlar.
Seçilən iştirakçıların heç biri kənddə yaşamasalar da, yarışma zamanı inək sağmağı, qoyun-quzu otarmağı, ağac əkməyi və digər kənd təsərrüffatı işlərini görməyi öyrənəcəklər. Realiti-şounun çəkilişləri günün 24 saatı aparılacaq və iştirakçıların görüntüləri və danışıqları qeydə alınacaq. Realiti-şounun ssenari müəllifləri qərara gəliblər ki, iştirakçıların çətin işini daha da qəlizləşdirsinlər.
Belə ki, iştirakçılar davamlı olaraq, hər dəfə müxtəlif tapşırıqlar alacaqlar. Tapşırığı yerinə yetirən, növbəti mərhələyə keçəcək və şouda iştirakını davam etdirəcək. Oyunu sona qədər başa vuran iştirakçıya isə 10 min manat mükafat veriləcək. Qeyd edək ki, layihə 2 ay davam edəcək. Həftə içi hər gün saat 21:00-da nümayiş olunacaq.
Gün.Az