Azərbaycanın tanınmış həkimi Əlfəddin Abdullayev 85 yaşında dünyasını dəyişib.
Bu barədə tanınmış jurnalist İlhamiyyə Rza Facebook hesabında yazıb.
İlhamiyyə həkimin "sağlamsansa, xoşbəxtsən, borcun yoxdursa, varlısan!” sözlərini xatırladaraq bunları yazıb:
“Bu gun hamımızın sevimlisi, uzun illər ekranlardan bizə sağlam həyat tərzini sevdirən, pozitivliyin nə olduğunu bilmədiyimiz vaxtlarda hazırladığı verilişlə evlərimizə pozitivlik gətirən həkim Əlfəddin Abdullayev 85yaşında rəhmətə gedib.
Ekranda simasını görən kimi üzümüzdə təbəssüm yaranırdı, hamı onu məşhur komediya aktyoru Lui de Finesə bənzədirdi. Amma bu, tək zahiri oxşama deyildi. Əlfəddin doktor (hamı onu məhz belə çağırırdı) elə komediya ustası qədər pozitiv, müsbət və dərin insan idi. İstənilən sağlamlıq məsləhətini onlarla atalar sözləri, zərb məsəllərlə çatdırardı. Onun verdiyi məsləhətlərin arxasından bir xeyirxahlıq, həqiqətən də bizim sağlam olmağımız istəyi aydın hiss olunurdu. Tanıyanlar onun nurlu və gülər üzünü hələ çox xatırlayacaqlar. Vaxtilə Ali Sovetin deputatı olub, 29 il 4 nömrəli xəstəxananın baş həkimi olaraq çalışıb, uzun illər sağlamlıq verilişləri hazırlayıb.
Vaxtilə ABA kanalında çalışdığım zaman, Əlfəddin doktor da orda veriliş aparırdı. Hamımız onu istər ekranda, istərsə də ABA dəhlizlərində rastlaşanda heyranlıqla, sevgiylə izləyərdik... Bu gün isə, onun dünyasını dəyişməsi barədə heç yerdə məlumata rast gəlmədim...
Məhrum bu gün Oğuzun Qumlaq kəndində torpağa tapşırılıb".
gun.az