Bu gün BP şirkəti neft və qaz sənayesi ilə bağlı ixtisaslar üzrə xaricdə təhsil alan azərbaycanlı tələbələr və məzunlar üçün karyera forumu təşkil edib.
Tədbirdə xaricdə təhsil alan 120 nəfər azərbaycanlı tələbə və məzun iştirak edib.
Forum iştirakçıları Böyük Britaniyanın və Avropa Birliyindəki digər ölkələrin universitetlərində, habelə Şimali Amerikanın ali təhsil məktəblərində təhsil alan tələbələr və məzunlardan ibarət olub.
Forumun açılışında “BP-Azerbaijan” şirkətinin xarici əlaqələr üzrə meneceri Tamam Bayatlı bildirib ki, bu forumun məqsədi neft və qaz ixtisası sahələrində təhsil alan tələbələr arasında iş imkanlarını təşviq etməklə, xarici universitetlərdəki istedadlı yerli tələbələrlə əlaqələr qurmaq və onları cəlb etməkdir.
O, şirkətin yerli kadrlara önəm verdiyini qeyd edərək bildirib ki, əgər 1995-ci ildə şirkədə çalışanların əksəriyyəti xaricilər idisə, indi işçilərin 85%-i azərbaycanlı mütəxəssislərdir.
Onun sözlərinə görə, 2018-ci ildə isə ixtisaslı işçilərin 90%-i Azərbaycan vətəndaşları olacaq.
Forumda çıxış edən Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev bildirib ki, BP şirkətinin keçirdiyi bu forum digər şirkətlər üçün də nümunə olmalıdır və onlar da xaricdə təhsil alan azərbaycanlı tələbələrə dəstək verməlidir.
“Son 3 ilə nəzər salsaq görərik ki, Azərbaycan Prezidenti İlham Əliyev həm Bakıda, həm də regionda gənclərlə altı görüş keçirib. Prezident hər görüşdə qeyd edir ki, gənclər bilikli, savadlı, yaxşı kadr kimi formalaşsınlar. Dövlət başçısı onların ölkənin ən aparıcı şirkətlərində, dövlət müəssisələrində xüsusi vəzifələr tutmasını arzulayır. Bu baxımdan da dövlətin həyata keçirdiyi gənclər proqramı və xaricdə təhsil üzrə proqramlarda əsas məqsəd gənclərin keyfiyyətli kadr kimi formalaşmasından, onların təhsillə yanaşı ictimai həyatda da aktiv rol oynamağa təşviq etməkdən ibarətdir”-deyə, o əlavə edib.
Forumda çıxış edən BP şirkətinin İnsan Resursları üzrə vitse-prezidenti Leyla Novruzova bildirib ki, bu forum xaricdə təhsil alan tələbələr üçün məlumat almaq və ünsiyyət qurmaq imkanı verir.
“Onlar BP şirkətinin yüksək vəzifəli nümayəndələri ilə görüşərək mövcud və gələcək karyera imkanlarını, işəgötürmə proqramlarını və planları müzakirə edə biləcək. Eyni zamanda, bizim Azərbaycanda və regionda 20 il ərzində təhlükəsiz və etibarlı şəkildə dənizdə və quruda həyata keçirdiyimiz əməliyyatlar haqqında məlumat almaq imkanına malik olacaqlar. Biz inanırıq ki, Azərbaycanın dünya səviyyəli neft və qaz sənayesində karyera imkanlarının təşviq olunmasına yönəlmiş səylərimiz hökumətin xaricdə təhsil alan Azərbaycan gənclərinin öz beynəlxalq bilik və bacarıqlarından istifadə edərək ölkənin iqtisadi inkişafına töhfə verməsinə həvəsləndirmək strategiyasına uyğundur”, - deyə şirkətin vitse-prezidenti əlavə edib.
Qeyd edək ki, forum Azərbaycan-Böyük Britaniya Məzunları İctimai Birliyi (AUKAA) ilə birgə təşkil olunub.
Gün.Az