Azərbaycanda temperatur 4-5 dərəcə aşağı düşəcək
8.9.2014

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev açıqlamasında deyib ki, sentyabrın 9-u axşamdan etibarən, xüsusən də sentyabrın 10-da ölkədə şimal-qərb küləyinin əsməsi ilə əlaqədar havalar sərinləyəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-5 dərəcə aşağı düşəcək.

Sentyabrın 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz cənub-şərq küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 18-23, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə sentyabrın 9-da əsasən yağmursuz hava proqnozlaşdırılır. Lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, axşam qərb küləyi əvəz olunacaq, arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

Tibbi meteoroloji proqnoza gəlincə, sentyabrın 9-da Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əsasən əlverişlidir. Sentyabrın 10-11-də isə arabir güclənən xəzri küləyi fonunda temperaturun nisbətən enməsi müsbət amildir.

APA