İyulun 17-də Fransanın Ramatuel şəhərində II Ramatuel klassik musiqi
festivalının açılışı olmuşdur. Mədəniyyət tədbirini Qara Qarayev adına
Azərbaycan Dövlət Kamera Orkestri açmışdır. Orkestr Xalq Artisti Teymur
Göyçayevin dirijorluğu ilə dünya şöhrətli Azərbaycan bəstəkarları Qara
Qarayev, Fikrət Əmirov, Arif Məlikov, Fərhad Bədəlbəyli, Tofiq Quliyev,
Vaqif Mustafazadə, dünya klassiklərindən Motsart, Çaykovski və
Debüssinin məşhur əsərlərindən ibarət 11 klassik musiqi nömrəsi ifa
etmişdir.
Ramatuel klassik musiqi festivalının rəhbəri Rolan Koyen festivalın
rəsmi açılışını etdikdən sonra Heydər Əliyev Fondunun icraçı direktoru
Anar Ələkbərov Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun
prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın festival iştirakçılarına ünvanladığı
məktubu oxumuşdur.
Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşan festivalın Azərbaycan və
dünya klassik musiqisinin təbliğinə xidmət etdiyi vurğulanan məktubda
ölkəmizin çox qədim və zəngin musiqi ənənələrinə malik olduğu, dünya
musiqi mədəniyyəti tarixindəki önəmli yeri iştirakçıların diqqətinə
çatdırılmışdır. Məktubda qeyd edilmişdir ki, Heydər Əliyev Fondunun
dəstəyi və qayğısı sayəsində ölkə mədəniyyəti nəinki beynəlxalq aləmdə
təbliğ olunur və mühüm uğurlara imza atır, həmçinin Azərbaycan
beynəlxalq mədəniyyət tədbirlərinə ev sahibliyi edir. Beynəlxalq muğam,
Qəbələ Beynəlxalq musiqi, Rostropoviç festivalları dünya musiqisinə
əvəzolunmaz töhfələr vermişdir.
Məktubda, həmçinin Azərbaycanın builki “Eurovision” mahnı yarışmasındakı
qələbəsi də vurğulanmışdır. Bildirilmişdir ki, 2012-ci ildə Azərbaycan
daha bir mötəbər beynəlxalq tədbirə - “Eurovision” mahnı müsabiqəsinə ev
sahibliyi edəcəkdir.
Konsert elə ilk dəqiqələrdən Ramatuel şəhərinin Yaşıl Teatrını doldurmuş
dinləyiciləri valeh etmişdir. Hər bir musiqi nömrəsi uzun və sürəkli
alqışlarla qarşılanmışdır. Orkestrin üzvləri hər bir musiqi parçasını
böyük məharətlə ifa etmişlər. Səhnədə ölməz bəstəkarların ecazkar musiqi
nömrələrini səsləndirən Xalq Artisti Murad Adıgözəlzadə isə konsertə
sanki xüsusi bir ab-hava bəxş etmişdir. Konsert ayaq üstə alqış sədaları
altında yekunlaşmışdır.
Festival iyulun 22-dək davam edəcəkdir.