Ali təhsil müəssisələri Böyükşor gölünün ətrafına, Xocasən və Zığ qəsəbələrinə köçürülə bilər
9.9.2014

Bakının mərkəzindəki bəzi ali təhsil müəssisələri şəhərin ətrafına köçürülə bilər.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayevin verdiyi məlumata görə, bu təklif “Böyük Bakının Regional İnkişaf Planı” layihəsinə daxil olan Məxsusi Bakının baş planında nəzərdə tutulub.

Şöbə müdiri hesab edir ki, şəhərin mərkəzində mövcud olan ali təhsil müəssisələri Böyükşor gölünün yaxınlığına, Qaradağ rayonunda dəmir yolu xətti boyunca Xocasən və Zığ qəsəbələrinə doğru ərazilərə köçürülə bilər.

“Təbii ki, köçürmə işi bizə aid deyil. Lakin bu addım şəhərdəki tıxacın və digər neqativ halların aradan qaldırılmasına səbəb olacaq. Bəzi ali təhsil müəssisələrinin şəhərin mərkəzində fəaliyyət göstərməsinə heç bir gərək yoxdur. Gözəl nümunələrdən biri M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının kompleksidir. Bildiyiniz kimi, həmin ali təhsil ocağı Xocasən qəsəbəsində yerləşir. Bununla yanaşı, Qafqaz Universitetini də misal gətirmək olar”, - deyə o bildirib.

C. Qocayev bildirib ki, bu təklifin reallaşması üçün xüsusi təhsil proqramının yaradılmasına zərurət var.

Qeyd edək ki, 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar Böyükşor gölünün bir hissəsi qurudulub. Sonrakı mərhələdə bu ərazinin abadlaşdırılması və ictimai mərkəzə çevrilməsi planlaşdırılır.

Onu da əlavə edək ki, Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov da “Böyük Bakının Regional İnkişaf Planı” layihəsinin təqdimatı zamanı təhsil konsepsiyasının tərkib hissəsi kimi ali təhsil müəssisələri ilə bağlı ayrıca konsepsiyanın yaradılmasının zəruriliyini vurğulayıb.

O, layihədə ali təhsil müəssisələri üçün şəhər ətrafında ərazilər nəzərdə tutulduğunu və təhsil sisteminə cavabdeh qurumlar tərəfindən hazırlanan konsepsiyaya uyğun olaraq ali təhsil müəssisələri həmin ərazilərdə yerləşdirilə biləcəyini deyib.

APA