Azərbaycanlı usta dəmir yırtıcılar yaradır - FOTO
10.9.2014

Dünyanın ən məşhur dizayn şirkətləri, habelə velosiped ustalarının əsərləri olan yeni dizaynlı velosipedlər əl işi, unikal nəqliyyat vasitəsi sayılır. Artıq Azərbaycanda da belə dizayner var, ancaq həvəskardır.

Rəfael Həmidoğlu xeyli müddətdir Azərbaycanda qeyri-adi velosipedlər düzəldir. O, bildirdi ki, istənilən formalı velosipedi sifarişlə düzəldir. Düzəltdiyi velosipedlərin 90 faizi əl işidir. Cüzi bir hissəsi - aksessuarlar, təkərlər - hazır alınır. Qiymətləri isə 380 manatdan 900 manata qədər dəyişir.

Usta qeyd etdi ki, düzəltdiyi velosipedlərə iki il zəmanət də verir.

Şərurdan paytaxta böyük ümidlərlə gəldiyini desə də, işinin burada da alınmadığına təəssüfləndi:

"Gəlmişdim Bakıda velosipedlə bağlı böyük iş quram. Hər şey baha oldu. Yer tapa bilmədim. Məcburam Naxçıvana qayıdam. Hazırda bir velosipedim var, ona 900 manat verdilər, amma vermədim. Çünki onu satmaqla da nə yaram sağalandır, nə də iş qura bilərəm. Rayonda isə velosipedə önəm verən yoxdur, camaatın imkanı yoxdur. Elə velosipedimlə Naxçıvana, oradan isə Türkiyəyə gedib başıma çarə qılacam”.



Milli.az