Bakıda ilk dəfə “Müdafiə sənayesi” sərgisi keçirilir
11.9.2014

Bu gün Bakıda Azərbaycanda və regionda ilk dəfə olaraq 1-ci Azərbaycan Beynəlxalq “Müdafiə sənayesi” (“ADEX 2014”) sərgisi başlayıb.

Sərginin açılışında çıxış edən müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanın güclü hərbi potensialının formalaşdığını bildirib.

O qeyd edib ki, güclü müdafiə sənayesinin yaradılması Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsindədir.

“Azərbaycanın hərbi qüdrəti durmadan artır, Azərbaycan Ordusu döyüş qabiliyyəti, silah-sursat, təchizat baxımından Cənubi Qafqazın ən güclü ordusuna çevrilib. Azərbaycan Ordusu ərazilərimizi işğaldan azad etmək də daxil olmaqla, qarşıya qoyulan bütün vəzifələri yerinə yetirəcək”-deyə, nazir əlavə edib.

Sərgi haqqında da məlumat verən nazir sərgidə 34 ölkədən 200-dən çox şirkətin iştirak etdiyini bildirib.

O, bu sərginin dost və qardaş ölkələrlə əlaqələrin genişləndirilməsinə öz töhfəsini verəcəyini bildirib:

“Sərginin keçirildiyi müddətdə tərəfdaş ölkələrin sayının daha da artacağına ümid edirəm. Bu gün hərbi texnika, döyüş sursatları istehsal edən müəssisələrimizin sayı artıb. Müəssisələrimiz dünya standartlarına uyğun, rəqabətədavamlı məhsullar istehsal edir. Müdafiə Sənayesi Nazirliyi dost və qardaş ölkələri əməkdaşlığa dəvət edir. Ümid edirəm ki, sərgi bu əlaqələrin genişləndirilməsinə öz töhfəsini verəcək”.

Qeyd edək ki, sərgi sentyabrın 13-dək davam edəcək.Sərgidə Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Koreya, Polşa, İsrail və Ukrayanın 8 milli qrupu öz ekspozisiyalarını nümayiş etdirəcəklər. Ən iri ekspozisiyalar isə Azərbaycan, Türkiyə (37 şirkət), Polşa (16 şirkət), İsrail (16 şirkət) və Belarusa (10 şirkət) məxsusdur.

Sərgidə ən yeni nailiyyətlər 6 tematik istiqamət üzrə təqdim olunur. Bura quru qoşunları və hərbi-dəniz qüvvələrinin silah və texnikaları, aviasiya və aviasiya silahları, hava hücumundan müdafiə üzrə sistem və vasitələr, xüsusi təyinatlı vasitələr və əmlak, informasiya texnologiyaları, rabitə sistemləri, ordunun inzibati və texniki təminatı və kosmik texnologiyalar daxildir.

Gün.Az