Alim Qasımov yeni layihəyə qatıldı - FOTO
15.9.2014

Bəstəkar Tural Bakuvi və müğənni Ramal Rəsul xalq artisti Alim Qasımovla iş birliyi edəcək. Yeni layihənin tezliklə hazır olacağını söyləyən sənətçilər bu mahnının indiyə qədər səslənmiş digər mahnılardan fərqli olduğunu və hər kəs tərəfindən bəyəniləcəyini düşünürlər.

Sözləri Elxan Cəfərliyə aid mahnının bəstəkarı Tural Bakuvi böyük sənətkar Alim Qasımovla işlədiyi üçün dolayı fəxr etdiyini və yeni mahnının seviləcəyinə əmin olduğunu bildirib: "Yeni bir proyektimiz var. Həqiqətən maraqlı işdir. Musiqisi mənə, sözləri Elxan Cəfərliyə aid bu mahnı etno-rok üslubundadır. İstedadlı gənc ifaçı Ramal Rəsul və dahi sənətkar Alim müəllim Qasımovun dueti şəklindədir. Mahnının işləri demək olar ki tamamlanıb və yaxın bir-iki həftə ərzində dinləyicilərin ixtiyarında olacaq".

Alim Qasımovla duet oxuyacaq müğənni Ramal Rəsul isə deyib: "Gənc yaşımda Azərbaycan muğam sənətinin zirvəsi Alim müəllimlə duet oxumaq mənim üçün şərəfdir. Yeni layihəmiz doğrudan da maraqlı alınıb. Bunun səbəblərindən biri də odur ki, orada muğam sənətimizin canlı əfsanəsi Alim Qasımovun səsi var. Mahnının aranjimanı özümə aiddir, musiqisi ənənəvi olaraq tanınmış bəstəkarımız Tural Bakuviyə, sözləri isə gözəl şairimiz Elxan Cəfərliyə aiddir. Mən bu proyekti konkret bir musiqi janrına aid etmirəm, mahnı muğam, estrada və alternativ-hard-etno rok üslublarının sintezidir. Yeri gəlmişkən bildirmək istərdim ki, əslində bu proyektim Xalq artisti Flora xanım Kərimova ilə ifa etmiş olduğum “Bağışla” və eyni zamanda solo ifa etmiş olduğum “Tənha Gecələr” gecələr kimi mahnıların davamı da sayıla bilər.

Muğam ustası Alim Qasımov da öz növbəsində söyləyib ki: “Duet təklifi uşaqlardan gəldi. Əlimdən gəldiyi qədər hər zaman gənclərə dəstək olmağa hazıram. İndi qastrola yola düşürəm. İnşallah, qayıtdıqdan sonra, daha dəqiq desəm, ayin 20-21-i işlere start verəcəyik. Mahni rok janrındadır.Umid edirəm cəmiyyət ucun maraqli bir layihə olacaq və tez bir zamanda bəyəniləcək".




Milli.Az