Bu gündən Şamaxı, İsmayıllı, Quba, Qusar, Şabran və Siyəzən rayonlarında
sürüşmə sahələri ilə bağlı monitorinqlərin aparılmasına başlanılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya
və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev
çərşənbə axşamı bildirib ki, yalnız Şamaxıda 22 sürüşmə sahəsi var.
Şamaxıdakı sürüşmə sahələrində aktivləşmələr müşahidə edilir.
"Bu gündən ətraflı monitorinqlərə başlayırıq. Hər bir sürüşmə sahəsinin
aktivləşməsinin səbəbləri və parametrləri ayrılıqda öyrənilir. Bu
sürüşmə sahələrinin hər birində müəyyən fəsadlar olub. Vaxtilə buralarda
2, 3, 5, 6, 8 fərdi yaşayış evinin zədələnməsi müşahidə edilib.
Vaxtaşırı həmin sahələr haqqında müvafiq qurumlar qarşısında məsələ
qaldırmışıq", - baş mühəndis əlavə edib.
O qeyd edib ki, şimal rayonlarında artıq qar örtüyü tədricən əridiyi üçün burada da monitorinqlərin aparılmasına başlanılıb.
Trend