Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrı özünün 87-ci teatr mövsümünə sentyabr ayının 20-də
saat 12.00-da Abdulla Şaiqin eyniadlı əsəri əsasında hazırlanmış
“Danışan gəlincik” tamaşası ilə start verəcəkdir.
Teatrın mətbuat
xidmətindən verilən əmlumata görə, iki hissəli nağıl
tamaşanın quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, quruluşçu
rəssamı Elşən Sərxanoğlu, bəstəkarı əməkdar incəsənət xadimi Gövhər
Həsənzadə, rejissoru Müşfiq Əliyev, rejissor assistenti Günay
Qasımovadır.
Tamaşada əməkdar artistlər Gülər Nəbiyeva, Leyli
Vəliyeva, aktyorlar Günel Məmmədova, Simuzər Ağakişiyeva, Zülfiyyə
Alhüseynova, Zümrüd Quliyeva, Elşən Hacıbabayev, Anar Seyfullayev,
Mehriban Hüseynova, Güşvər Şərifova, Eyvaz İbrahimov, Elşən Şıxəliyev,
Xalidə Əliməmmədova, Müşfiq Əliyev, Eşqin Quliyev, Roza İbadova, İradə
Rəşidova, Vahid Orucoğlu, Ramil Məmmədov, Xaliq Bəkirov, Vüsalə Qubadova
iştirak edəcəklər.
Həmin gün saat 19.00-da görkəmli dramaturq
İlyas Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı” romanı əsasında
hazırlanmış eyniadlı yeni tamaşanın premyerası baş tutacaqdır.
Quruluşçu
rejissoru Azərbaycan və Kalmıkiya Respublikalarının əməkdar incəsənət
xadimi Bəhram Osmanov olan tamaşanın quruluşçu rəssamı əməkdar rəssam
İsmayıl Məmmədov, bəstəkarı Cəmalə Nəsirovadır.
Tamaşada əsas
rolları aktyorlar Günel Məmmədova (Sarıköynək), Elnur Kərimov (Valeh),
xalq artistləri Tariyel Qasımov (Muradzadə), Yasin Qarayev (Baləmi),
əməkdar artistlər Naibə Allahverdiyeva (Simuzər), Lətifə Əliyeva
(Güllübəyim), Qəmər Məmmədova (Ceyran) və başqaları ifa edəcəklər.






Milli.Az