Qurban bayramında heyvan yarmarkaları keçiriləcək
19.9.2014

Azərbaycanda Qurban bayramı ilə bağlı yarmarkalar keçiriləcək.

Bu barədə öz açıqlamasında İqtisadiyyat və Sənaye Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev məlumat verib.

“Hər il olduğu kimi, bu il də Qurban bayramı ilə əlaqədar kənd təsərrüfatı məhsullarının və diri heyvanların satış yarmarkaları təşkil olunacaq. Qurbanlıq heyvanların satışı ilə bağlı xüsusi yerlər ayrılacaq”, - deyə şöbə müdiri qeyd edib.

O, bildirib ki, qarşıdan gələn bayramla əlaqədar nazirliyin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bazarlarda keçirdiyi monitorinqləri daha da intensivləşdirəcək:
“Hər il xüsusi günlərdə əhalinin ərzaq məhsullarına tələbatı artır. Nazirlik yanında Dövlət Xidməti belə günlərdə gücləndirilmiş iş rejiminə keçəcək”.

“Azərbaycandakı heyvan bazarlarının bağlanması ət məhsullarının qiymətinin artmasına səbəb ola bilərmi?” sualına nazirlik sözçüsü belə cavab verib:

“Monitorinqlərin intensivləşdirilməsi, nəzarət tədbirlərinin gücləndirilməsi və eyni zamanda yarmarkaların keçirilməsi qiymət artımı kimi problemin qarşısını alacaq”.

Gün.Az