Azərbaycanda labirint formalı unikal qəbir abidə tapılıb - FOTO
19.9.2014

Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda yerləşən 8 min il yaşı olan Şahtaxtı arxeoloji abidələr kompleksində arxeoloji tədqiqatlar zamanı labirint tipli unikal abidə tapılıb.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Qəhrəman Ağayev məlumat verib. Onun sözlərinə görə, labirint formalı qəbir abidə həyatyanı sahələrin birindən tapılıb. Arxeoloq bildirib ki, Azərbaycanda arxeoloji qazıntılar zamanı bu tip abidə birinci dəfədir aşkarlanıb.

Qəhrəman Ağayevin sözlərinə görə, Şahtaxtı arxeoloji abidələr kompleksi nəinki Azərbaycanda, Qafqazda, Yaxın Şərqdə, bəlkə də dünyada yeganə arxeoloji abidədir ki, burada eneolit dövründən bu günə kimi intensiv yaşayış olub. Əhali 8 min il bundan öncə, mis-daş dövründə ərazidə məskunlaşıb və bu gün də həmin ərazidə yaşayır. İntensiv yaşayış olduğundan abidədə bütün mədəni təbəqələr üst-üstə yerləşir. Şahtaxtı arxeoloji kompleksində kəşfiyyat xarakterli ilk qazıntı işləri 1936-cı ildə aparılıb və abidənin son tunc, erkən dəmir dövrünə aid olması söylənilib. 1978-1987-ci illərdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Naxçıvan Elm Mərkəzi ilə birlikdə apardıqları arxeoloji qazıntılar abidənin daha qədim dövrlərə aid olmasını müəyyənləşdirib

salamnews.org