Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzində daha iki ailənin təməli qoyulub
22.9.2014

Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzində daha iki yeni ailə quran gənclərin nikah mərasimi təşkil olunub.
Suraxanı Rayon İcra Hakimiyyətindən bildiriblər ki, ailə həyatı qurmağa hazırlaşan gənclər və mərasim iştirakçıları əvvəlcə Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət edib, önünə tər güllər düzüblər.
Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra keçirilən nikah mərasimində rayon qeydiyyat şöbəsinin əməkdaşı mövcud qanunvericiliyə uyğun olaraq Pərviz Əbilovla Vüsalə Bayramzadənin və Elşad Aslanovla Mətanət Muradovanın nikahlarını rəsmiləşdirib və gənclərə nikah şəhadətnaməsini təqdim edib.
Rayon icra hakimiyyəti başçısının müavini Sevinc Hüseynova gənclərə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə Zərifə xanım Əliyeva kimi möhkəm təməlli və nümunəvi bir ailə qurmağı, bu müqəddəs ocağı ömürlərinin sonuna kimi qorumağı arzulayıb.
Yeni ailələrə Suraxanı rayonu rəhbərliyinin adından qiymətli hədiyyələr təqdim edilib.

AzərTAc