GoMap-ın Trend-ə istinadən verdiyi məlumata görə, Uşaqlarda yarana bilən psixoloji problemləri vaxtında aradan qaldırmaq
məqsədilə Bakının rayonları üzrə "Psixoloji xidmət mərkəzləri"
yaradılacaq.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən çərşənbə axşamı verilən
məlumata görə, müasir dövrdə cəmiyyət həyatının bütün sahələrində gedən
qloballaşma prosesi, informasiya bolluğu gənc nəslin dünyagörüşünün
formalaşmasına, onların şəxsiyyətinin inkişafına öz güclü təsirini
göstərir. Bütün bunlar pedaqoji-psixoloji inkişafdan yan keçmir. Mənfi
təsirlərə məruz qalan uşaqlarda öz müəllimlərinə, həmyaşıdlarına, hətta
valideynlərinə qarşı münasibətdə müəyyən psixoloji çətinliklər yaranır,
qarşılaşdıqları problemləri müstəqil həll edə bilmədikdə onlarda ruh
düşkünlüyü meydana çıxır.
Paytaxtın təhsil müəssisələrində yarana biləcək belə problem və
çətinliklərin qarşısının alınması, onların vaxtında aşkar edilməsi və
aradan qaldırılması üçün sağlam pedaqoji-psixoloji prosesin düzgün
qurulması və psixoloji xidmət işinin daha da yaxşılaşdırılması məqsədilə
yaxın gələcəkdə bir sıra işlərin görülməsi planlaşdırılır.
Şəhər üzrə praktik psixoloqlar haqqında diaqnostik məlumatın
dəqiqləşdirilməsi, psixoloji xidmət üzrə ştatdankənar metodistlərin
müəyyən olunması, rayonlar üzrə praktik psixoloqlar üçün "Psixoloji
xidmət işinin səmərəli təşkili yolları" mövzusunda nəzəri-praktik
treninqlərin keçirilməsi, qabaqcıl təcrübəyə malik praktik psixoloqların
müəyyən edilməsi görüləcək işlər sırasındadır.
Yaxın gələcəkdə bu istiqamətdə Bakının rayonları üzrə "Psixoloji xidmət
mərkəzləri"nin yaradılması, "Məktəbdə psixoloji xidmət işinin təşkilinə
verilən müasir tələblər, reallıq və qarşıda duran vəzifələr" mövzusunda
elmi-praktik konfransın təşkili, "Psixoloji xidmət mərkəzləri"nin İKT və
inventarlarla təmin edilməsi nəzərdə tutulur.