Bakıda Səudiyyə Ərəbistanı Krallığının milli bayramı münasibətilə rəsmi qəbul təşkil edilib.
Qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı diplomatik korpuslarının rəhbərləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra çıxış edən səfir Musaid bin İbrahim bin Abdullah Əl-Səlim Səudiyyə Ərəbistanının inkişaf tarixi, keçdiyi yol barədə məlumat verib.
Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında əməkdaşlıqdan söz açan diplomat, bu əlaqələrin qarşılıqlı hörmətə, səmimiyyətə, İslam irsinə və müştərək tarixə əsaslandığını bildirib.
O, əlavə edib ki, ikitərəfli münasibətlərin inkişafında hər iki ölkədən həyata keçirilən yüksək səviyyəli səfərlərin mühüm əhəmiyyəti var.
Musaid bin İbrahim bin Abdullah Əl-Səlim əmin olduğunu bildirib ki, qardaş ölkələrimiz və xalqlarımız arasında münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində səylər gələcəkdə də davam edəcək və ölkəsi Azərbaycan ilə əlaqələrini daha da inkişaf etdirmək niyyətindədir.
Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ölkə başçısı və hökuməti adından Səudiyyə Ərəbistanı xalqını təbrik edib. Nazir siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini söyləyib. İki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlığı olduğunu bildirən nazir, bu uğurlu əlaqələrin əsasında Prezident İlham Əliyev ilə Kral Abdullah bin Əbdüləziz Al Səudun şəxsi dostluq münasibətlərinin, eləcə də yüksək səviyyəli rəsmi nümayəndələrin mütəmadi qarşılıqlı səfərlərinin dayandığını vurğulayıb.
Ş.Mustafayev Səudiyyə Ərəbistanının Dağlıq Qarabağ münaqişəsində hər zaman Azərbaycanın ədalətli mövqeyini müdafiə etdiyini vurğulayıb və bu prinsipial mövqeyə görə təşəkkürünü bildiri.
O, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.
Gün.Az