Bu gün Həştərxanda IV Xəzər sammiti keçiriləcək
29.9.2014

Bu gün Həştərxanda Xəzəryanı ölkələrin dövlət başçılarının IV sammiti öz işinə başlayır.

Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə sammitdə Azərbaycan prezidenti İlham Əliyev, İran prezidenti Həsən Ruhani, Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov iştirak edəcəklər.

Sammit zamanı sahilyanı dövlətlərin işbirliyi ilə bağlı məsələlər, 2010-cu ildə Bakı sammitində qəbul olunan qərarların icrası, habelə region dövlətlərinin prioritet əməkdaşlıq istiqamətləri müzakirə olunacaq.

Görüşdə həmçinin çoxtərəfli müqavilələrin imzalanacağı və Rusiya prezidentinin həmkarları ilə bir sıra ikitərəfli görüşləri nəzərdə tutulur.

Daha əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, prezident Vladimir Putin sammit çərçivəsində Azərbaycan, Türkmənistan və İran liderləri ilə ikitərəfli görüşlər keçirəcək.

O xatırladıb ki, Rusiya və Azərbaycan liderləri bu yaxınlarda Soçidə görüşüblər: “Burada ikitərəfli və Ermənistan dövlət başçısının iştirakı ilə Dağlıq Qarabağ böhranının müzakirə olunduğu üçtərəfli görüşlər keçirilib”.

Y.Uşakov qeyd edib ki, İlham Əliyevlə görüş vacibdir: “Bizim əlaqələrimiz nəzərəçarpacaq dərəcədə fəallaşıb. Bu yaxınlarda Bakıda hökumətlərarası komissiyanın iclası keçirilib”.

gun.az