Tibb Universiteti əməkdaşlarının əmək haqlarının artırılması haqqında qərar verildi
30.9.2014

Azərbaycan Tibb Universiteti (ATU) əməkdaşlarının əmək şəraitinin və rifahının yaxşılaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir.
Universitetin mətbuat xidmətindən verilən məlumata görə, belə tədbirlər sırasında ATU-nun rektoru, Milli Məclisin deputatı akademik Əhliman Əmiraslanovun təşəbbüsü ilə əməkdaşların əmək haqqının artırılması haqqında qərarı xüsusi qeyd etmək lazımdır.
Rektorun əmrinə əsasən, professor-müəllim heyətinin maddi rifah halını bir qədər də yaxşılaşdırmaq, onların elmi-pedaqoji fəaliyyətini stimullaşdırmaq məqsədi ilə ATU əməkdaşlarının aylıq əmək haqqı orta hesabla 30 faiz artırılmışdır. Əmr bu ilin oktyabr ayından qüvvəyə minir və ayrı-ayrı sahələrdə çalışan əməkdaşların hamısına şamil olunur.
ATU əməkdaşlarının sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar artıq ənənə halını alıb. Belə ki, bu ilin əvvəlində də Tibb Universiteti işçilərinin aylıq vəzifə maaşlarının orta hesabla 25 faiz yüksəldilməsi haqqında qərar verilmişdi.

AzərTAc