Dünən Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatında qəbul imtahanlarında yüksək bal toplayaraq, Bakı Dövlət Universitetinə (BDU) daxil olan gənclərlə görüş keçirilib.
Tədbirdə YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin sədri Bəxtiyar Nəbiyev, YAP GB Ofisinin rəhbəri Əli Pənahov, BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qəmbərov və digərləri iştirak edib.
Tədbirdə çıxış edən YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin sədri Bəxtiyar Nəbiyev bir gənc olaraq ölkədə aparılan gənclər siyasətini çox yüksək qiymətləndirib: “Gənc dövlət olmağımıza baxmayaraq ölkəmizdə gənclərə çox böyük önəm verilir və bu bizi çox sevindirir.
Son bir neçə ildə ölkə başçısı tərəfindən gənclər siyasəti ilə bağlı verilən sərəncamları xatırladan birlik sədri söyləyib ki, bu sənədlər ölkədə aparılan uğurlu gənclər siyasətinin bariz nümunəsidir: “Kiçik bir dövlət olmağımıza baxmayaraq, çox güclüyük. Bu gün ölkəmizdə istedadlı, savadlı gənclərimiz çoxdur. Həmin gənclər istər ölkə, istərsə də beynəlxalq tribunalarda ölkəmizi layiqli təmsil edirlər”.
Birlik sədri həmçinin bildirib ki, dövlət gənclər siyasətinin bir qolunu Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi təşkil edir: “Bu gün YAP- ın 620 mindən çox üzvü var və onların da 40 faizi, rəqəmlə desək təqribən 250 mini gənclərdir. Biz gənclər ölkə başçısının ətrafında sıx birləşib, onun daxili və xarici siyasətini dəstəkləyirik. Dövlət gənclər siyasətindən bəhrələnənlərdən biri də bizlərik”.
YAP GB Ofisinin rəhbəri Əli Pənahov isə deyib ki, Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti gənclərin hərtərəfli inkişafını, onların cəmiyyət həyatında fəal iştirakını təmin etməkdədir: “Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilməklə bərabər, həm də demokratikləşmə prosesində yüksək səviyyədə iştirak edərək, mədəniyyət, incəsənət, elm və digər sahələrdə də parlaq nailiyyətlər qazanıb, dövlətçilik ənənələrini daim uca tutur.
Azərbaycanda gəncliyə dövlət qayğısı uğurlara hesablanan bir siyasətdir ki, bu siyasət nəticəsində də sağlam və intellektual nəslin formalaşmasının şahidi oluruq. Azərbaycan Prezidenti İlham Əliyev daima gənclərin ictimai-siyasi fəallığı, tələbələrin sosial problemləri, təhsilin keyfiyyəti, gənc alimlərin perspektivləri, yaradıcı və istedadlı gənclərin problem və yeni layihələri, gənclərin idarəetmə sahəsinə cəlb edilib dəstəklənmələri, xaricdə təhsil alan gənclərin inkişafı üçün yeni layihələrin həyata keçirilməsi, gənclərin beynəlxalq əməkdaşlığı ilə bağlı düşündüyü üçün bu sahəyə xüsusi diqqət və qayğı ilə yanaşır”.
Daha sonra digər çıxış edənlər də dövlətimiz tərəfindən gənclərə göstərilən diqqətdən və qayğıdan danışıblar.
Gün.Az