1 oktyabr - Beynəlxalq Musiqi Günüdür
1.10.2014

Beynəlxalq Musiqi Günü UNESCO-nun qərarı ilə 1975-ci il oktyabrın 1-də təsis edilib.

Bu bayram hər il bütün dünyada ən yaxşı artistlərin və incəsənət kollektivlərinin iştirak etdikləri möhtəşəm konsert proqramları ilə qeyd olunur. Həmin gün dünya musiqi xəzinəsinin qeyri-adi, bənzərsiz inciləri ifa edilir.
Bəşəriyyətin musiqi ilə tanışlığı çox qədim dövrlərdən başlayıb. Afrika mağaralarında aşkar edilmiş qayaüstü rəsmlərdə əlində musiqi aləti tutmuş insanlar təsvir edilib. 2000-ci ildə isə Çin arxeoloqları 2 min illik tarixi olan musiqi alətləri muzeyini aşkara çıxarıblar.

Azərbaycanda da musiqinin tarixi çox qədimlərə gedib çıxır. Qobustandakı qavaldaş daş dövründə yaşamış insanların istifadə etdikləri musiqi alətidir. Qobustan qayalarında qədim Azərbaycanın “Yallı” rəqs səhnələri təsvir olunub. Bu rəqsin uğurlu ov üçün ovsun mərasimi olduğu vurğulanıb. Görünür, Azərbaycan dilinin musiqi dili olması da buradan qaynaqlanır.

Bütün bunlar bir daha sübut edir ki, musiqi intəhasız, heç bir ölçüyə sığışmayan gücə malikdir. Yer üzündə az adam tapılar ki, musiqiyə laqeyd qalsın. Musiqi həmişəyaşardır. İnsanlara bəxş edilən bu ilahi nemət bəşəriyyət durduqca var olacaqdır.

AzərTAc