Oktyabrın 2-də “Kiçik QalArt” qalereyasında gənc rəssamlar Vüsalə Ağarazıyeva və Asima Səmədlinin “Seçim” (“#CHOİSE”) adlı sərgisi açılacaq. Sərginin ideyası onun adı ilə bağlıdır.
Sərginin ekspozisiyası Vüsalə Ağarazıyevanın rəngkarlıq əsərlərindən və Asima Səmədlinin qobelen işlərindən ibarətdir. Tamaşaçının ruhuna daha yaxın olan sənət istiqamətini seçmək imkanı var. “Seçim” sərgisində təqdim olunan hər bir iş layihənin kuratoru və rəssamlar tərəfindən ciddi seçimdən keçib.
Daxili vəziyyət və həyəcan həmişə insanı, xüsusən də, rəssamı maraqlandırıb. Gənc rəssamların birgə sərgisi insanın emosional, daxili vəziyyətini, ruh halını gərginlik və sakitlik anında təqdim etməyi qarşısına məqsəd qoyur. Rəssamlardan hər biri öz prizmasından bu mövzuya yaxınlaşıb və onlar üçün yaxın olan formada və incəsənət növündə hisslərini ötürüblər.
Sərgidə, eyni zamanda, müəlliflər tərəfindən dörd installyasiya təqdim ediləcək.
Sərginin kuratoru Məhbarə Abbasovadır. Noyabrın 2-dək davam edəcək sərgiyə giriş sərbəstdir.
AzərTAc