Drakulanın saxlandığı yer tapıldı - FOTO
2.10.2014

İndi dünya kinematoqrafı və ədəbiyyatının ən məşhur obrazlarından birinə çevrilmiş qraf Drakulanın illərlə yaşadığı daha bir məkan aşkarlanıb.

"Transilvaniya vampiri Drakula" adı ilə tarixə düşən serb qraf, Valaxiya hökmdarı 3-cü Vlad Sepeş 1442-ci ildə Türkiyəyə aparılmış, orada 4 il girov saxlanmışdı.

Brem Stokerin romanından sonra məşhurlaşmış obraza çevrilən qraf Drakulanın Türkiyədə 15-ci əsrdə girov olduğu bəlli idi. Amma onun konkret olaraq saxlandığı yer bilinmirdi.

Türk arxeoloqların apardıqları araşdırmalar nəticəsində məlum olub ki, qraf 3-cü Vlad Sepeş Tokatdakı qalada 4 il girov tutulub. Drakulanın saxlandığı yeraltı məkan dağılmış, xaraba qalmış qalanın qalıqlarında tapılıb. Tokat şəhəri 12-ci əsrin sonlarında səlcuq türkləri tərəfindən fəth olunmuş, 1392-ci ildə isə Osmanlı imperiyasının tərkib hissəsinə çevrilmişdi.

3-cü Vlad Sepeş Valaxiya hökmdarı 2-ci Vlad Drakulanın oğludur və 1431-ci ildə anadan olub. 1442-ci ildə o, türk sultanı 2-ci Murada qardaşı Radu ilə bahəm girov kimi verilmişdi.

1476-cı ildə osmanlı türkləri ilə döyüşlərdən birində Vlad Sepeş həlak olub.

 


Milli.Az