Azərbaycanın Argentinadakı səfirliyi və Buenos-Ayresin Belqrano Universitetinin Dizayn və arxitektura fakültəsinin birgə əməkdaşlığı ilə bu universitetdə “Azərbaycanın milli geyimləri və onların hazırlanması” proqramına başlanıb. Azərbaycan XİN-in mətbuat xidmətindən verilən məlumata görə, proqramın ilk günü səfirliyin əməkdaşları tərəfindən Azərbaycanın qədim tarixi, zəngin mədəni irsi və cari reallıqlarına dair ümumi təqdimat keçirilib. Təqdimatın ardınca Azərbaycanın milli geyimlərinin tarixi, onların formalaşmasına təsir edən amillər, geyimlərin formaları və əsas elementləri, geyimlərin tikilişi üçün istifadə olunan parçalar, bəzək və aksesuarlar haqqında geniş məlumat verilib.
5 ay ərzində davam edəcək bu proqram boyunca səfirlik Belqrano Universitetinin Dizayn və arxitektura fakültəsinin tələbələri ilə yaxından işləyərək onları lazımi məlumatlarla təmin edəcək. Proqramın yekunu olaraq tələbələr tərəfindən Azərbaycan milli geyimlərinin tikilişi həyata keçiriləcək və hazırlanmış geyimlərin nümayişi təşkil olunacaq.
Proqramın məqsədi Azərbaycanın Argentinada təbliği və argentinalıların milli mədəniyyət və ənənələrimizlə yaxından tanış edilməsidir.