Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında daha bir yeni və maraqlı tamaşanın məşqləri gedir.
Müasir dövr uşaqlarının düşüncə tərzi və qavrama qabiliyyətinə hesablanan yeni səhnə nümunəsi hər kəsin yaxşı tanıdığı və az qala əzbər bildiyi məşhur əsər əsasında hazırlanır.
Abdulla Şaiqin “Tıq-tıq xanım” pyesinin motivləri əsasında teatrın baş rejissoru Qurban Məsimovun səhnələşdirdiyi və quruluş verdiyi bu tamaşa “Tıq-tıq və Taq-taqın nağılı” adlanır.
Uşaqlara lovğalıq, bədbinlik, ətrafına münasibətdə laqeydlik kimi keyfiyyətlərin fəsadlarını qəhrəman Tıq-tıqın üzləşdiyi hadisələr fonunda təqdim edən rejissor tamaşaya əlavə etdiyi Taq-taq obrazında isə əsl dost, sadiq və səmimi yoldaş xüsusiyyətlərini cəmləşdirib. Balacalara sevgi, mehribanlıq, sadəlik, ən əsası ağıllı olmağı tövsiyə edən Taq-taq yeni tamaşanın əsas qəhrəmanı kimi tamaşanın sonluğunun da dəyişməsinə nail olub. Belə ki, klassik nümunədən fərqli olaraq yeni tamaşada müsbət sonluğa nail olan rejissor Taq-taqı xudpəsənd Tıq-tıqın xilaskarı kimi təqdim edib.
Nəzm formasında təqdim olunan nümunədə uşaqlar fərqli rəssam işi, klassik baxışda yeni kukla modelləri ilə də tanış olmaq imkanı qazanacaqlar.
Oktyabrın sonu balacaların ixtiyarına veriləcək tamaşanın quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Vüqar Camalzadədir.
Birhissəli kukla tamaşasında əsas rolları Əməkdar artist Rəhman Rəhmanov, aktyorlar Cəmilə Allahverdiyeva, Rəhim Rəhimov, Elnur Xəlilov, Cavid Telman və başqaları ifa edir.
Gün.Az