Oktyabrın 19–dan 30-dək paytaxtımızda Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondunun təşkilatçılığı ilə Bakı Beynəlxalq Caz Festivalı – 2014 keçiriləcək.
Heydər Əliyev Sarayının mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, festival günlərində ənənəvi olaraq dünyanın ən məşhur caz musiqiçiləri şəhərimizdə geniş konsert proqramı ilə çıxış edəcəklər.
Festival çərçivəsində Heydər Əliyev Sarayı, Beynəlxalq Muğam Mərkəzi, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında və Bakı Caz Mərkəzində dünya şöhrətli musiqiçilər - Terence Blanchard, Stanley Clarke, Craig Taborn, Anat Cohen, Michel Camilo, Trilok Gurtu, Terri Lyne Carrington və başqalarının çıxışları gözlənilir. Eyni zamanda, Azərbaycanın tanınmış caz ifaçıları və caz qrupları - Salman Qəmbərov, Elçin Şirinov, Rain Sultanov, “Rast” və “Cəngi” qrupları ilə yanaşı, istedadlı gənc caz musiqiçiləri də festival konsertlərində solo proqramlarla çıxış edəcəklər.
Bakı Beynəlxalq Caz Festivalı – 2014 çərçivəsində Heydər Əliyev Sarayında oktyabrın 21-də “Rast” qrupunun 20 il yubiley qeyd olunacaq. Oktyabrın 22-də isə dünya şöhrətli Terence Blanchardın kvintetinin konserti keçiriləcək. Caz ifaçısını konsertdə, dirijor, Azərbaycanın Xalq Artisti Rauf Abdullayevin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri müşayiət edəcək. Heydər Əliyev Sarayının növbəti qonağı oktyabrın 28-də dünya şöhrətli cazmen, peşəkar musiqiçi və bəstəkar Stanley Clarkenin qrupu olacaq.
Konsertin biletlərini şəhərin kassalarından əldə etmək mümkündür.
Gün.Az