Azərbaycandakı bütün ali məktəblər tələbələrinin qiymətlərini vahid
sistemə daxil edəcəklər. Növbəti tədris ilindən təhsil müəssisələri
akademik müvəffəqiyyətlər haqqında məlumatları da "Tələbə-məzun dövlət
elektron məlumat sistemi"nə daxil edəcəklər.
Bunu sistemin təqdimat mərasimində çıxış edən Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının Məlumat bazalarının aparılması və elektron arxivlə iş
sektorunun müdiri Sahib Mərdanov deyib.
Onun sözlərinə görə, təhsil müəssisələri tərəfindən xarici ölkələrə
köçürülmüş tələbələr, təkrar təhsil almış şəxslər haqqında məlumatların
da bu sistemə daxil olunması məqsədəuyğundur.
Mərdanov deyib ki, sistemdə sorğuların aparılması üçün axtarış sistemi nəzərdə tutulub.
Sistemdə hər hansı tələbənin anketini almaq imkanı yaradılıb. Bu da həmin tələbə haqqında tam məlumat almağa şərait yaradacaq.
Sistemin çoxfunksiyalı olduğunu deyən Mərdanov onun ölkədə çox geniş tətbiq ediləcəyini bildirib.
Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ölkə Prezidentinin
sərəncamı ilə hazırlanmış "Tələbə-məzun dövlət elektron məlumat
sistemi"nin təqdimatını keçirib. Sistemdə 1992-2011-ci illər ərzində ali
məktəblərə imtahan vermiş 1 978 226 nəfər haqqında məlumat var.
Milli.Az