Oktyabrın 11-də ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində dahi
bəstəkarımız Qara Qarayevin “Yeddi Gözəl” baletinin tamaşası
keçiriləcək.
Bu barədə Azərbaycanın Los Ancelesdəki baş konsulluğundan məlumat verilib.
Baş Konsulluğun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə keçirilən səhnələşdirmə “Yeddi Gözəl”
baletinin Amerikada ilk premyerası olacaq. Tamaşa ABŞ-ın ən böyük opera
teatrlarından olan, 3 min tamaşaçı tutumuna malik San Dieqo Şəhər
Teatrında (San Diego Civic Theater) keçiriləcək.
Tanınmış San Dieqo Baleti tərəfindən Kaliforniyanın ikinci ən böyük
şəhəri olan San Dieqoda səhnələşdirilən “Yeddi Gözəl” baletinə
amerikalılar tərəfindən böyük maraq müşahidə olunur. Baletin musiqisi
San Dieqo şəhərində fəaliyyət göstərən nüfuzlu Grossmont Kollecinin
orkestri tərəfindən ifa ediləcək. Tamaşanın xoreoqrafı San Dieqo
Baletinin direktoru, yüksək mükafatlar laureatı Xavier Velasko, dirijoru
isə Dr. Randal Tviddir. Bütün rollar amerikalı balerin və balerinalar
tərəfindən ifa ediləcək.
Tamaşanın təbliği məqsədilə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən xüsusi internet səhifəsi (http://www.sevenbeauties.us/) yaradılıb, Facebook və Twitter kimi sosial şəbəkələrdə də baletlə əlaqədar informasiya xarakterli daim yenilənən səhifələr (https://www.facebook.com/sevenbeauties.us/ , https://twitter.com/SevenBeauties) istifadəyə verilib.
APA