“V1 Challenge Azerbaijan” yarışında 12 ölkədən tanınmış pilotlar iştirak edəcək
10.10.2014

Azərbaycan Avtomobil Federasiyasının oktyabrın 11-də “Baku Crystal Hall”da keçirəcəyi “V1 Challenge Azerbaijan” yarışında 12 ölkədən 14 pilot iştirak edəcək.

Yarışda ralli üzrə Avropa çempionu, belçikalı Patrik Snayers, üçqat “Drift Challenge” çempionu, 2014-cü ildə ən uzun drift üzrə dünya rekordçusu, almaniyalı Harald Müller, ralli üzrə beşqat Portuqaliya çempionu, Avropa çempionatının gümüş mükafatçısı Migel Kampos, “V1 Challenge 2011” çempionu, türkiyəli Burak Çukurova, “V1 Challenge Moldova 2012” çempionu Nikolay Kiriyak, “Fransa F4” və “Volant Euroformula 2013” çempionu Anton Huber və digərləri birincilik uğrunda mübarizə aparacaqlar.

Azərbaycanı yarışda kartinq üzrə ölkə çempionları Gülhüseyn Abdullayev, Adil Axundov və “V1 Challenge Moldova 2013” çempionu Timur Muradov təmsil edəcək.

Yarışda tamaşaçılar, həmçinin müxtəlif növ avtomobillərlə həyəcanlı və əyləncə dolu şoular izləyəcəklər. Şou zamanı məşhur “Voca People” qrupu da özünəməxsus ifası, maraqlı repertuarı ilə izləyicilərə unudulmaz anlar yaşadacaq.

AzərTAc