Aprelin 2-də «Boeing-787 Dreamliner» təyyarəsinin Azərbaycanda təqdimatı keçiriləcək
29.3.2012

ABŞ-ın «Boeing» Korporasiyası yaxın günlərdə «Boeing-787 Dreamliner» sərnişin təyyarəsinin dünya ölkələri üzrə təqdimat turu keçirəcək.

Dünya turnesi çərçivəsində ilk təqdimatın Azərbaycan üçün keçirilməsi planlaşdırılır. Bu barədə «Azərbaycan Hava Yolları» QSC-nin (AZAL) xidmət rəisi Məhərrəm Səfərli məlumat verib.

M.Səfərlinin sözlərinə görə, reaktiv tipli bu avialaynerin Bakıya aprelin 2-də gətirilməsi planlaşdırılır. Bir gün Azərbaycanda saxlanıldıqdan sonra «Boeing-787 Dreamliner» təyyarəsinin Moskvaya (Rusiya), daha sonra İstanbula (Türkiyə), oradan isə Madridə (İspaniya) aparılması nəzərdə tutulub.

Qeyd edək ki, MDB ölkələri və Asiaya regionu üzrə ABŞ korporasiyasına «Boeing-787 Dreamliner» sərnişin təyyarəsinin istehsalı ilə bağlı ilk sifarişi 2007-ci ildə məhz Azərbaycan verib. Artıq 2014-cü ildə Azərbaycanın ilk «Boeing-787 Dreamliner» təyyarəsini alacağı gözlənilir. Yeni avialayner vasitəsilə AZAL uzaq məsafələlərə birbaşa uçuşlar təşkil etmək niyyətindədir.

Apa