Berti Foqts istefa verdi
17.10.2014

AFFA-ya istinadən verilən xəbərə görə, dünən İsveçrənin Sürix şəhərində AFFA-nın prezidenti Rövnəq Abdullayevlə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts arasında görüş keçirilib.

Görüş zamanı Azərbaycan millisinin Avro-2016-nın seçmə mərhələsində keçirdiyi oyunlar müzakirə olunub. B.Foqts təəssüflə bildirib ki, artıq Azərbaycan millisində gələcəyini görmür.

O, deyib ki, komanda son oyunda əzmkarlıq göstərməyib.

Bundan əlavə, bir neçə ildir dəfələrlə vurğuladığı fiziki hazırlıq problemi hələ də öz həllini tapmayıb və bu çatışmazlığı qısa müddətdə aradan qaldırmaq mümkün deyil.

O, Azərbaycanda 6 il çalışdığını, bəzi oyunlarda azarkeşlərə böyük sevinc bəxş etdiklərini qeyd edib, ötən müddət ərzində rəhbərliyi altında çıxış etmiş futbolçulara biliklərini aşıladığını və bu biliklərin gələcək nəsillərə də ötürüləcəyinə ümid etdiyini söyləyib.

Berti Foqts millini növbəti oyunlara çıxaracaq məşqçiyə, ehtiyac duyacağı təqdirdə, həm rəqib komandalarla, həm də dəvət etməyi planlaşdırdığı futbolçularla bağlı məlumatları paylaşmağa, tövsiyələrini verməyə hazır olduğunu deyib, fəaliyyətinə görə AFFA-ya minnətdarlıq edib, Azərbaycanı ikinci Vətəni saydığını bildirib.

AFFA-nın prezidenti Rövnəq Abdullayev qeyd edib ki, Berti Foqtsa fəaliyyətini davam etdirmək təklif olunub və onun Azərbaycan milli komandasındakı fəaliyyəti AFFA tərəfindən yüksək qiymətləndirilir. R.Abdullayev söyləyib ki, B.Foqtsun gördüyü işlər ümumilikdə Azərbaycan futbolunun inkişafına müsbət təsir göstərib.

Çox böyük nailiyyət olmasa da, Azərbaycan milli komandası seçmə mərhələlərdə ən böyük göstəriciyə B.Foqtsun rəhbərliyi altında nail olaraq 9 xal toplayıb, millimiz FIFA-nın reytinq cədvəlində 73-cü pilləyə qədər yüksəlib. AFFA prezidenti Berti Foqtsa böyük hörmətlə yanaşdıqlarını, gördüyü işlərin hər zaman minnətdarlıqla xatırlanacağını deyib, onun həmişə Azərbaycan futbolunun dostu qalacağını söyləyib.

AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov görüşdə iştirak edib.

Gün.Az