Polad Bülbüloğlu “İlin səfiri” mükafatına layiq görülüb
17.10.2014

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyinin üzvlərini qəbul edib.

Səfirlikdən verilən məlumata görə, görüşdə ASGA-nın təsisçisi və sədri Səbuhi Abbasov qəbula görə Səfir Polad Bülbüloğluna təşəkkür edib və rəhbərlik etdiyi İctimai Birlik haqqında məlumat verib.

ASGA tərəfindən həyata keçirilən “Azərbaycanın müstəqilliyinin qazanılmasında və möhkəmləndirilməsində Ulu Öndər Heydər Əliyevin rolu” adlı layihə çərçivəsində ümummilli liderin irsinin araşdırılması və təbliği istiqamətində görülən işlərdə Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin rolunu qeyd edən təşkilat sədri, bununla bağlı azərbaycanlı gənclər, eyni zamanda Azərbaycanın KİV və QHT nümayəndələri arasında sorğu aparıldığını bildirib.

O qeyd edib ki, sorğunun nəticələrinə əsasən Səfir Polad Bülbüloğlu respondentlər tərəfindən “İlin səfiri” mükafatına layiq görülüb. Daha sonra mükafat səfir Polad Bülbüloğluna təqdim edilib.


Mükafata görə ASGA-nın üzvlərinə və sorğuda iştirak etmiş hər bir respondentə təşəkkürünü bildirən Səfir Polad Bülbüloğlu, mükafatı Səfirliyin hər bir diplomatına verilən qiymət kimi dəyərləndirmişdir. Həmçinin Polad Bülbüloğlu Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdiyini bildirmiş və son dövr ərzində iki ölkə arasında həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərləri qeyd edib.

Azərbaycanın Rusiyadakı Səfiri iki ölkənin ictimai-siyasi həyatında, xalqlarımız arasında ənənəvi dost və qonşuluq münasibətlərinin inkişafında gənclərin rolunu xüsusi vurğulamışdır. Bu əlaqələrin daha da möhkəmləndirilməsi üçün gənclərin gələcəkdə də mövcud olan ənənəni davam etdirməli olduqlarını

söyləmişdir. Bu müstəvidə Polad Bülbüloğlu Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri xanım Leyla Əliyevanın sədri olduğu Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) fəaliyyəti, onun keçirdiyi tədbirlər haqqında məlumat verib.

Görüşün sonunda Səfir Polad Bülbüloğlu ASGA üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Gün.Az