Azərbaycanın Müstəqillik Günü münasibətilə 2014-cü ilin oktyabrın 17-də ABŞ-ın Kaliforniya ştatının San Xose şəhərinin meriyası qarşısında Azərbaycanın dövlət bayrağı qaldırılıb.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, dövlət bayrağımızın qaldırlması San Xose şəhərində fəaliyyət göstərən Azərbaycan İcma Mərkəzinin sədri Mehriban Məmmədovanın səyləri və Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun dəstəyi ilə gerçəkləşib.
Bu münasibətlə keçirilən mərasimdə Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev iştirak edib. Həmçinin, San Xose şəhərinin meri Çak Rid, vitse-meri Mədison Nquyen, Şəhər Şurasının üzvü Conni Xamis, eləcə də yerli Azərbaycan icmasının üzvləri və digər şəxslər tədbirə qatılıblar.
Qeyd edilməlidir ki, San Xose şəhəri dünyanın informasiya texnologiyaları mərkəzi olan Silikon Vadisinin paytaxtıdır, ABŞ-ın 10-cu, Kaliforniyanın isə 3-cü ən böyük şəhəridir.
Tədbirin başlanğıcında Azərbaycan bayrağı dövlət himnimizin sədaları altında təntənəli surətdə qaldırlıb.
Mərasimdə çıxış edən baş konsul N.Ağayev Azərbaycanın müstəqilliyinin bərpa olunmasına gedən yoldan, bu yolda Azərbaycan xalqının verdiyi qurbanlardan, müstəqil dövlət kimi ölkəmizin əldə etdiyi uğurlardan və qısa müddətdə bölgənin ən güclü dövlətinə çevrilməsindən söhbət açıb.
San Xose şəhərinin meri Çak Rid isə çıxışında Azərbaycan bayrağının San Xose meriyası qarşısında ilk dəfə qaldırılmasının əlamətdar hadisə olduğunu, Azərbaycan ilə ABŞ arasında münasibətlərin iki xalqın mənafelərinə uyğun olaraq daha da inkişaf etdirilməsinin vacib olduğunu diqqətə çatdırıb.
Azərbaycan İcma Mərkəzinin sədri Mehriban Məmmədova çıxış edərək, San Xose şəhərində Azərbaycan bayrağının qaldırılması işinə verilən dəstəyə görə təşəkkürünü bildirmiş, bundan sonra bir ənənə olaraq hər il Müstəqillik Günü münasibətilə meriya qarşısında bayrağımızın qaldırılmasından məmnun olacaqlarını söyləyib.
Tədbirdə San Xose vitse-meri M.Nquyen və Şəhər Şurasının üzvü C.Xamis də çıxış edərək, Müstəqillik Günü ilə bağlı təbriklərini çatdırıb, Azərbaycana bundan sonra da böyük uğurlar arzulayıblar.
trend.az