Baden Baden şəhərində “Azərbaycan gecəsi”
20.10.2014

Sığortaçıların ənənəvi illik forumu çərçivəsində oktyabrın 19-da Almaniyanın Baden Baden şəhərində ölkəmizin 14 sığorta şirkətinin, eləcə də Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) və İcbari Sığorta Bürosu rəhbərlərinin iştirakı ilə “Azərbaycan gecəsi” keçirilib.
Sığortaçılar Assosiasiyasından verilən məlumata görə, tədbirdə çıxış edən ASA-nın sədri Orxan Bayramov Azərbaycanın sığorta bazarı, buradakı inkişaf və perspektivlər barədə məlumat verib. Qonaqlar Azərbaycanın milli elementləri, musiqisi və milli mətbəxinin nümunələri ilə tanış olublar.
Baden Badendə “Azərbaycan gecəsi” ikinci dəfədir təşkil edilir. Bu dəfə tədbirə 37 ölkənin 91 şirkətinin 214 nümayəndəsi qatılıb. Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və ASA tərəfindən təşkil edilən tədbirin sponsorları “AzRe” təkrarsığorta, “Standard Insurence”, “PAŞA sığorta”, “PAŞA Həyat Sığorta”, “Qala Həyat Sığorta”, “İpək Yolu Sığorta” şirkətləridir.
Məlumatda, həmçinin bildirilir ki, sığortaçıların illik forumu çərçivəsində Azərbaycanın sığorta şirkətləri və qurumlarının xarici tərəfdaşları ilə çoxsaylı işgüzar görüşləri nəzərdə tutulur. Bu görüşlər zamanı yeni partnyorların tapılması, təkrar sığorta risklərinin ötürülməsi, müxtəlif sığorta məhsulları üzrə təcrübə mübadiləsi, eləcə də Azərbaycan sığorta bazarında yeni məhsulların tətbiqi imkanları ilə bağlı müzakirələr aparılacaq.

AzərTAc