Rabitə və Yüksək Texnologiyalar Nazirliyi foto müsabiqə elan edib
20.10.2014

"Rabitə və yüksək texnologiyalar sahəsi işçilərinin peşə bayramı və Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 133 illiyi ilə əlaqədar "Texnologiyalar və biz" adlı ən yaxşı foto müsabiqəsi elan edilib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (RYTN) “APA-Economics”ə verilən məlumata görə, müsabiqənin məqsədi Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sektorunun dinamik inkişafı, əldə edilən uğurlar və həyata keçirilən genişmiqyaslı işlər barədə ictimaiyyəti məlumatlandırmaq, insanları gündəlik həyatlarında internet, yeni texnologiyalar, elektron həllər və xidmətlərdən istifadəyə təşviq edərək, onların bu proseslərdə iştiraklarını stimullaşdırmaqdan ibarətdir.

Müsabiqə üzrə istiqamətlər “İnternetin həyatımızda rolu”, “İKT-nin cəmiyyətdə rolu”, “Yüksək texnologiyalar və biz” və “"Elektron hökumət"in üstünlükləri” sahələrini əhatə edir.

Müsabiqədə hər kəs iştirak edə bilər. Müsabiqəyə təqdim olunan fotolar təqdim edilmiş foto mövzulardan birinə uyğun olmalı, təqdim olunacaq foto "jpg.file" formatında "musabiqe@mincom.gov.az" elektron ünvanına təqdim olunmalıdır. Şəkillərin ölçüsü 2000x1500 px-dən az olmamalı, bir şəxs tərəfindən maksimum 3 fotonun müsabiqədə iştirakı təmin edilir. Müəllif hüquqları şübhə doğuran fotolar müsabiqədə iştirak etməyəcək. Müsabiqəyə foto təqdim edən şəxsin adı, soyadı, ünvanı, şəxsiyyət vəsiqəsinin nömrəsi və əlaqə telefonu göstərilməlidir.

Qeyd edək ki, müsabiqə oktyabrın 20-də başlayır, noyabrın 20-də başa çatır.

Müsabiqənin mükafat fondu - I yer - 1000 manat, II yer - 750 manat, III yer - 500 manat və həvəsləndirici mükafatlardan ibarətdir.

Fotolar RYTN tərəfindən müəyyən edilmiş peşəkar münsiflər tərəfindən qiymətləndiriləcək. Müsabiqənin nəticələri "www.mincom.gov.az" saytında dərc olunacaq.

Qaliblər həmçinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xüsusi diplomu ilə təltif olunacaqlar.

Müsabiqə barədə məlumatı "http://www.mincom.gov.az" saytından, eləcə də RYTN-in Mətbuat xidmətindən əldə etmək olar.

APA