“Təbii fəlakətlə əlaqədar sakinlərin köçürülməsi və onların yeni
mənzillərlə təmin olunması üçün bütün lazımı işlər görüləcək”. Bunu
Şamaxı rayonunun Muğanlı kəndində torpaq sürüşməsi nəticəsində evləri
qəzalı vəziyyətə düşən sakinlərlə görüş keçirən fövqəladə hallar naziri
Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, sürüşmə zonasına, eləcə də yaşayış üçün yararsız
vəziyyətə düşən fərdi yaşayış evlərinə baxış keçirilib: “Bura çox
təhlükəlidir. Hər an xoşagəlməz hadisə baş verə bilər. Kənddə qəzalı
vəziyyətdə olan 46 ev çox təhlükəli ərazidə yerləşir və onların bir
neçəsi artıq dağılıb. Təcili köçürülmə işləri aparılacaq. Rayonun
Meysəri kəndinə yaxın ərazidə yerləşən Muğanlı bələdiyyəsinə məxsus 55
hektar pay və bələdiyyə torpağında yeni evlərin tikilməsi mümkündür.
Həmin əraziyə mütəxəssislərlə birgə baxış keçirdik. Əhalinin istəyi də
nəzərə alınacaq. Geoloji-mühəndis işləri aparılacaq, ərazinin təhlükəsiz
olub-olmaması müəyyən edildikdən sonra evlərin tikintisi üçün
layihələndirmə işləri görüləcək. Ölkə başçısının tapşırığına əsasən,
qısa müddətdə sakinlər yeni evlər, məktəb, tibb məntəqəsi və digər
sosial obyektlərlə təmin olunacaqlar”.
K. Heydərovun sözlərinə görə, Fövqəladə Hallar, Ekologiya və Təbii
Sərvətlər və Nəqliyyat nazirliklərinin, Baş Dövlət Yol Polisi İdarəsinin
nümayəndələri Ağsu aşırımına baxış keçirirlər və bu gün Ağsu aşırımının
yalnız minik avtomobillərinin hərəkəti üçün açılmasına icazə verilməsi
gözlənilir.
APA