Azərbaycanda beynəlxalq inşaat sərgisi başlayıb
22.10.2014

Bu gün Bakıda Xəzəryanı regionun inşaat sənayesi üzrə irimiqyaslı tədbiri - XX Yubiley Azərbaycan Beynəlxalq İnşaat (BakuBuild-2014) sərgisi başlayıb.

Bu il “BakuBuild”, “Aqua-Therm Baku” və “CIPS” kimi sərgiləri özündə birləşdirən Xəzər İnşaat Həftəsində dünyanın 29 ölkəsindən 490-dan artıq şirkəti iştirak edir. Sərginin ekspozisiyası Bakı Ekspo Mərkəzinin bütün pavilyonlarında, lobbidə, o cümlədən açıq meydançada yerləşdirilib. Sərgidə Macarıstan, Almaniya, İtaliya, İran, İspaniya, Portuqaliya və BƏƏ milli qrupları iştirak edir. Ənənəvi olaraq, Türkiyə istehsalçıları (41 şirkət) sərgidə böyük heyətlə çıxış edir. Eksponentlərin təxminən 40%-ni yerli şirkətlər təşkil edir və bu şirkətlər arasında həm daimi iştirakçılar, həm də debütantlar var.

Bu il sərgidə tikinti avadanlıqlarının geniş çeşidi, o cümlədən keramika, kafel (üzlük daşları), pəncərə və qapılar, interyer, eksklüziv santexnika avadanlıqları və dam örtükləri nümayiş etdirilir.

APA